• 26 Dekabr 2024
logo
Bir AZƏRBAYCANLI kimi

Bir AZƏRBAYCANLI kimi

Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri zamanı fotokameranın, yaxud telefonun yaddaşına köçürülən bir fotoşəkil diqqətimi daha çox çəkdi... Müəllifinin kim olduğunu bilmirəm və bəlkə də bəziləri üçün erməni vandalizminin qanlı, amansız izlərinin silinmədiyi Ağdam məscidində ibadət edən polis nəfərinin də yer aldığı bu şəkil, ola bilsin ki, sıradanbir görüntüdür. Amma mənə görə, 27 il ərzində azan səsinə, ibadətə, dualara həsrət qalmış Ağdam məscidində, bu acınacaqlı mənzərəni ürək ağrısıyla seyr edən Türk Dövlətlərinin təmsliçilərinin önündə Tanrı sevgisi ilə ətrafında baş verənlərdən “təcrid olunmuş” Azərbaycan polisinin səcdəyə hazırlaşan görüntüsünün bir ayrı anlamı var. Qarabağla birlikdə özümüzə, mənəvi dəyərlərimizə qayıdışımızı, Azərbaycanın, Türk Dünyasının gələcəyinə olan inamla imanın vəhdətini əks etdirir bu fotoşəkil. Səmimiyyətlə yoğrulub, sevgi və mərhəmət doludur...

Sentyabrın 27-də müharibəylə bağlılığı olmayan səbəbdən, Goranboy rayonunun döyüş bölgəsinin yaxınlığında yerləşən kəndlərindən birinə səfər etmişdim. Atəş səsləri və təcili yardım maşınlarının həyacan siqnalları hər tərəfə hakim kəsilmişdi. Dəqiq məlumatım olmasa da, nə baş verdiyinin fərqində idim... Yol boyu qarşılaşdığım polis əməkdaşlarına “Tanrı sizi qorusun” deməklə içimdə olan sevincqarışıq həyacanı üstələməyə çalışırdım. Onlar isə hər dəfə “əsgər və zabitlərimiz üçün dua edin” deyirdilər. Duanı belə özlərinə çox görürdülər... Qəribə bir mənzərə idi. Sözlə izah olunmayacaq, təsvir edilməsi və yenidən yaşanması mümkün olmayan mənzərə... Silaha sarılmış və hər an döyüşə atılmağa hazır olan əllər, inam və ümid dolu gözlər, düşməni parçalamağa hazır olan baxışlar. Qarşımda dayanan Azərbaycan polisinin mənimlə eyni hissləri yaşayan, eyni düşüncəni, sevinci, həyacanı bölüşən təmsilçiləriydi... Zərrə qədər fərqimiz yox idi... Geyimimizdən və silahımızdan başqa. Elə indi də... heç bir fərqimiz yoxdur.

Yəqin ki, hər birimizin doğmaları, yaxınları, dost-tanışları arasında polis əməkdaşı olanlar var. Acılı-şirinli günlərimizi birlikdə keçirir, eyni sevinci, eyni kədəri bölüşür, bəlkə də oxşar taleləri yaşayırıq. Amma nədənsə bəzən ətrafımızda olan, yaxından tanıdığımız, ünsiyyətdə olduğumuz polis əməkdaşlarını digərlərindən fərqləndiririk. Təbii ki, heç bir tutarlı əsas olmadan...

İstənilən sahədə problem var. Xüsusilə də göz önündə olan sahələrdə. Kimsə səhv edə, düzgün qərar verməyə, əsəblərini cilovlamaya bilər. Eynilə bizim kimi. Son nəticədə hamımız insanıq. Hər birimizin qayğıları, problemləri var. O cümlədən polis əməkdaşlarının da... Bəzən günlərlə isti yataq, isti yemək üzü görməyən, doğmalarının, yaxınlarının çətin anlarında onların yanında olmağa vaxt tapmayan, səhəri dirigözlü açan, hər birimizin təhlükəsizliyi üçün məsuliyyət daşıyan, saysız-hesabsız təhlükələrlə qarşı-qarşıya dayanan polis əməkdaşlarının bizdən biri olduğunu unuduruq. Birinin yanlış, yaxud düşünülməmiş, ölçülüb-biçilməmiş hərəkətini hamının adına yazırıq. Amma düşünmürük ki, eyni məntiqlə hərəkət edərsə, o zaman polis fərqinə varmadan hər birimizə potensial cinayətkar kimi yanaşmalıdır. Qənaətimə görə, bizə ciddi ziyan vuran və inkişafımızı əngəlləyən, problemləri təhlil edərək çıxış yolu tapmağımıza maneə yaradan səbəblərdən biri də konkret faktların deyil, bu faktların yer aldığı sahələrin üzərinə getməyimizdir. Bir polis səhv edibsə, bütün polis əməkdaşlarını, bəzən isə dövləti, bir həkim məsuliyyətsiz davranıbsa, bütün həkimləri və təəssüf ki, yenə də dövləti, bir jurnalist qələminin müqəddəs vəzifəsinə asi çıxıbsa, bütün medianı hədəfə almaq neobolşevik təfəkkürünün təsahürüdür. Kökündən yanlış və təhlükəli yanaşmadır.

...Şərəfli, çətin və bəzən hər anında bizə dəyişik ovqat bəxş edən, əsəblərimizi tarıma çəkən, ziddiyyətli günlər yaşayırıq. Və bütün bunları jurnalist, polis, tibb işçisi, mühəndis və yaxud hansısa başqa bir peşənin sahibi kimi deyil, bir azərbaycanlı və sadəcə, bir insan kimi hər birimiz öz üzərimizdə hiss edirik. Qarışıq duyğulardı, yaxşı başa düşürəm. Amma bizi insan edən də bu qarışıq duyğuların içərisindən həqiqəti seçmək, ümidlə, inamla və imanla yaşamaq bacarığımızdır.

...Müqəddəs Ramazan ayı başlayır. Uzun illərdən sonra işğaldan azad olunan torpaqlarımızda ucalan azan səsləri dualarımızla qol-boyun olacaq. Və biz yalnız Tanrı və Bayraq qarşısında səcdəyə gedərək, viran edilmiş yurd yerlərimizin “belini” yenidən dikəldəcəyik. Hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, bir AZƏRBAYCANLI kimi...

Elçin Mirzəbəyli