• 21 Dekabr 2024
logo
Vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil - Milli Park direktoru

Vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil - Milli Park direktoru

Milli Parkların kənd ərazisinə yaxın ərazilərində yaşayan bəbir, qaban və digər vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil, çünki həmin heyvanlar yalnız öz marşrutları üzrə hərəkət edirlər.
Bunu Hirkan Milli Parkının direktoru Azər Mirzəyev "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, fototələlər vasitəsilə bu heyvanların insanların yaşadığı kəndlərin 2 km-liyinə qədər hərəkət etdiyi də məlum olub: "Bu isə onu göstərir ki, həmin heyvanlar öz marşrutlarından kənara çıxmırlar və insanlar üçün təhlükə yaratmırlar. Hirkan Milli Parkına Amerika, Norveç və bir neçə xarici ölkədən olan əcnəbi turistlər də daha çox bəbirləri görmək üçün buraya səfər edirlər".
A.Mirzəyev əlavə edib ki, bəbirlər çox yüksək dağlıq və keçilməz ərazilərdə yaşadıqları üçün turistlərə həmin heyvanların fototələlər vasitəsilə əldə edilən şəkilləri göstərilir: "Son bir ildə çəkilən şəkillərlə sübut edirik ki, parkda mühafizə sisteminə tam əməl olunur. Bəbirlərin yem bazası çoxalmaqdadır və onların sayı 4-dən 6-ya qədər artıb".
Park direktoru əlavə edib ki, hazırda park ərazisində sayca 12-ci olan kəklik-turac marşrut xəttinin açılması üzərində iş gedir:
"Züvand dövlət yasaqlığının yüksəkliklərində müşahidə qülləsi yaradılacaq və oradan binokl vasitəsilə kəklik və turacların necə uçmasının canlı şahidi olacağıq. Hazırda parkda sağlam həyat marşrutunun layihələndirilməsi üzərində işlənilir. Bu marşrut 2.4 km məsafədən ibarətdir".