• 26 Dekabr 2024
logo
Ali məktəblərin muxtar hüquqları müəyyənləşir

Ali məktəblərin muxtar hüquqları müəyyənləşir

"Ali təhsil müəssisəsinin muxtariyyəti var. Muxtariyyət dövlət qurumları ilə ali təhsil müəssisələri arasında, eləcə də ali təhsil müəssisəsinin rəhbərliyi və akademik heyəti arasında səlahiyyət və məsuliyyət bölgüsü ilə müəyyən olunur".

APA-nın məlumatına görə, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisəsinin muxtariyyəti ali təhsil müəssisəsinin təsisçiləri tərəfindən qoyulmuş vəzifələrin həyata keçirilməsinin yollarını və formalarını sərbəst seçmək hüququ və eyni zamanda müəssisədə əldə etdiyi təhsilin keyfiyyətinə görə hüquqi-normativ aktlara uyğun məsuliyyətdə ifadə olunur.

Ali təhsil müəssisəsi aşağıdakı hüquqlara malikdir:

- ali təhsil müəssisəsinin nizamnaməsini hazırlamaq və qəbul etmək;

- ali təhsil müəssisəsinin heyətini formalaşdırmaq;

- təhsil proqramlarının məzmun və formalarını müəyyən etmək;

- əlavə təhsil və doktorantura təhsili üçün tələbə qəbulu qaydalarını müəyyən etmək;

- əsas tədqiqat istiqamətlərini müəyyən etmək;

- ali təhsil müəssisəsinin təşkilati və idarəetmə strukturunu müəyyən etmək;

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dərəcələrdən aşağı olmayan aylıq əmək haqqı dərəcələrini müəyyən etmək;

- ali təhsil müəssisəsinin bu qanunda göstərilən prinsip və vəzifələrinə zidd olmayan digər fəaliyyət göstərmək.

Ali təhsil müəssisəsi öz işini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodik, maliyə-təsərrüfat, iqtisadi, kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək, təlimin forma və metodlarını müəyyən etmək, müəssisəsini kadrlarla komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək, müəyyən olunmuş əmək haqqı fondu çərçivəsində müəssisənin quruluşu və ştat cədvəlini təsdiq etmək, maliyyələşmənin müxtəlif növlərindən sərbəst istifadə etmək, tədris-tərbiyə müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək hüququna malikdir.

Ali təhsil müəssisələri professor və dosent vəzifələrinə seçkilərin təşkil edilməsini müvafiq qaydalara uyğun şəkildə müstəqil həyata keçirir.

Ali təhsil müəssisəsinin təsis etdiyi professor və ya dosent vəzifəsi seçkilidir və 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 8-ci səviyyəsi üzrə kvalifikasiyanı tamamlamış və elmi dərəcə almış şəxslərin ali təhsil müəssisəsinin dosenti və ya professoru vəzifəsinə seçilmək və ya təyin edilmək hüququ var. Bu proses ali təhsil müəssisəsi tərəfindən təşkil edilir.

Professor və ya dosent vəzifəsinə elan edilmiş müsabiqədə yalnız həmin vəzifələrin tutulmasına qoyulan tələblərə cavab verən elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Elmi adlar mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şuralarının qərarı əsasında Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturuna daxil olan ixtisaslardan biri üzrə verilir. Ali təhsil müəssisəsi tərəfindən professor və ya dosent vəzifəsinə seçilmiş əməkdaşla müqavilə bağlanılır və ona seçildiyi müddət ərzində müvafiq vəzifə maaşı, müvafiq icra hakimiyyəti orqanı və təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş əlavələr verilir.

Ali təhsil müəssisəsində professor və ya dosent vəzifəsinə seçilmiş şəxslərin elmi adları yalnız seçildikləri təhsil müəssisəsində hüquqi qüvvəyə malikdir.