• 27 Dekabr 2024
logo
Əflatun Amaşov : "Şurada vaksinasiyadan keçən jurnalistlərin sayı 200-ə yaxındır"

Əflatun Amaşov : "Şurada vaksinasiyadan keçən jurnalistlərin sayı 200-ə yaxındır"

“İndiyədək Azərbaycan Mətbuat Şurasına “COVID-19” infeksiyası ilə bağlı vaksinasiyadan keçmək üçün 40-dan çox kütləvi informasiya vasitəsindən müraciət daxil olub”.

Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, siyahılarda ümumilikdə 600-dək jurnalistin adı qeyd olunub: “Xidməti müqavilə ilə çalışan müstəqil jurnalistlərin fərdi müraciətləri də var. Yalnız Şurada vaksinasiyadan keçən jurnalistlərin ümumi sayı 200-ə yaxındır. Onların böyük əksəriyyəti 18-40 yaş arasında olanlardır. Digər tərəfdən, TƏBİB-lə əldə etdiyimiz razılığa əsasən, əməkdaşlarının sayı çox olan böyük redaksiyaların özündə də vaksinasiya aparılıb. Əsasən telekanallarda bu iş həyata keçirilib”.
Ə.Amaşov qeyd edib ki, üç gün ərzində Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası aparılıb: “Proses davam edəcək. Hazırda müxtəlif kütləvi informasiya vasitələrindən siyahılar qəbul edilir. Fərdi qaydada müraciət ünvanlayanlar da var. Müəyyən say yarandıqdan sonra TƏBİB tərəfindən tibbi personal göndəriləcək. Şura hələ vaksinasiya başlamazdan öncə araşdırmalar apardı. Məlumdur ki, redaksiyalarda daha əvvəl virusa yoluxanlar olub. Bütün vətəndaşlar kimi onlar üçün də TƏBİB tərəfindən bəlli müddət müəyyənləşib. Yəni həmin müddət başa çatmayanadək həmin şəxslərə vaksin vurulmur. Əlbəttə, tərəddüd edənlər, bəzi tibbi səbəblərdən vaksinasiyadan keçməsi mümkün olmayanlar da var”.

Ə.Amaşov əlavə edib ki, jurnalistika riskli sahə olduğundan burada çalışanların vaksinasiyadan keçmələri onları yoluxma riskindən xilas edən başlıca amildir. MŞ sədri jurnalistlərin vaksinasiyası ilə bağlı başqa obyektiv məqamlardan da söz açıb: “Məsələn, ola bilməz ki, əməkdaşlarının sayı 20-30 arası olan redaksiyalarda vaksinasiya üçün hamı birlikdə gəlsin. Redaksiyanın işi də görülməlidir. Buna görə də biz çalışırdıq ki, onları hissə-hissə dəvət edək. Amma bəzən də elə olur ki, adı siyahıda yer alan jurnalist müəyyən olunmuş vaxtda gəlmirdi. Əlbəttə, burada da obyektiv səbəblər var. Ancaq biz tibbi personalın da Şurada qalma müddətini nəzərə almalıyıq. Buna görə qərara aldıq ki, həm əvvəlki siyahılardan qalanlar, eləcə də yenilər üçün əlavə vaxt müəyyənləşdirək. Bir daha bildirim ki, bəlli say formalaşan kimi TƏBİB-ə bununla əlaqədar məlumat veriləcək və qurumun tibbi personalı gəlib vaksinasiyanı davam etdirəcək”.