Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.
Mərkəzdən APA-ya verilən xəbərə görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 16 şəhər və rayonda keçirilib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1712 nəzarətçi–müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.
Aprelin 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.