Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumatda bildirilib ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər.
Akademiya rəisinin müavini polkovnik İlham Babaşov ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması ücün hərtərərfli şəraitin yaradıldığını və bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Elmi-praktik konfransın əhəmiyyətindən danışan İ. Babaşov qeyd edib ki, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sahəsində tətbiq edilən texnologiyaların sürətli inkişafı müşahidə edilməkdədir. Axtarış-xilasetmə sahəsində müasir texnologiyaların tətbiqi yeni uğurların əldə olunması üçün geniş imkanlar yaradır.
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və Təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev isə fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında elmin və təhsilin əhəmiyyətindən danışaraq konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfransda FHN-in Akademiyasının kursantları Fuad Mahmudzadə, Emil Rəhimov, Anar Mahmuвzadə, Mirramin Yunusov, DİN-in Polis Akademiyasının kursantı Sənan Mirzəyev, Azərbaycan Tibb Universitetinin magistrantı Əminə Əliyeva məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.
Bölmə iclaslarında kursant və magistrantların müxtəlif mövzular üzrə məruzələri dinlənilib.