• 26 Dekabr 2024
logo
Yasamal Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirildi - Fotolar

Yasamal Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirildi - Fotolar

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Yasamal Rayon Ağsaqqallar Şurasının məhdud tərkibdə iclası keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Sədr müavini Milli Məclisin deputatı Eldar İbrahimov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, həmçinin rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
İclasda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov çıxış edərək əvvəlcə, Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən ağsaqqallar 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya, ikili siyasət aparan beynəlxalq təşkilatlara millətimizin gücünü və iradəsini göstərdi. Bu birlik, Müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı Ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımız işğaldan azad edildi və tarixi Zəfər qazanıldı.
Eldar İbrahimov bildirib ki, hələ də davam edən koronavirus pandemiyasına və bundan irəli gələn bəzi çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük töhfə verdiyi bu tərəqqi prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Hazırda təşkilatda ciddi canlanma müşahidə olunur. Belə ki, bütün şəhər və rayon ağsaqqallar şuralarında təşkilati məsələlərə baxılır, seçkilər keçirilir. Artıq təşkilatın yeni Nizamnaməsi qəbul edilib və indi rayonlar üçün hazırlanmış əsasnamələr qəbul olunur.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Sonra təşkilati məsələlər müzakirə olunub. Yasamal Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Qurbanov Cavanşir Kazım oğlu Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.