• 21 Dekabr 2024
logo
Azərbaycan Kooperasiya Universitetində icbari tibbi sığorta ilə bağlı təlim keçirilib

Azərbaycan Kooperasiya Universitetində icbari tibbi sığorta ilə bağlı təlim keçirilib

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusundakı layihənin icrası çərçivəsində Azərbaycan Kooperasiya Universitetində növbəti təlimlər keçirilib.
Təlimi giriş sözü ilə açan Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dosent Rəsmiyyə Abdullayeva 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdı. O bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən vacib olduğunu qeyd etdi.
Sonra təlimçilər – Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov: “İcbari tibbi sığorta: dünya təcrübəsi”, Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “İcbari tibbi sığortanın dövlət tənzimlənməsi”, Birliyin İdarə Heyətinin üzvü, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Birliyin üzvü, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mələk Əliyeva “Azərbaycan icbari tibbi sığortanın mövcud vəziyyəti və perspektivlər” mövzularında çıxışlar etdilər. Təqdimatlardan sonra müzakirələr oldu, tələbələrin sualları cavablandırıldı.
Tədbirin sonunda Azərbaycan Kooperasiya Universitetinin dekanı i.f.d., dos. Möhübbət Hüseynov maraqlı təlimlər üçün Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinə və bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürrünü bildirdi.