Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi zərərvericilərin analizi üçün hazırlanan tətbiqin ilkin beta-versiyasını təqdim edib.
Mərkəzdən verilən məlumata görə, "Microsoft" tərəfindən tətbiqin legitimliyi üçün sertifikat əldə edilib və proqram təminatına inteqrasiya olunub.
Hazırda 3 dildə (Azərbaycan, ingilis, rus), 1 milyonluq (məhdudlaşdırılmış) zərərverici imza bazası ilə təchiz olunmuş beta versiyaya, şübhəli faylların analizi üçün onların Mərkəzinin "Malware Lab"ına təqdim olunması və CERT.gov.az informasiya resursunda dərc olunan xəbər və məqalələrin istifadəçilərə xəbərdarlıq kimi göstərilməsi funksiyaları da əlavə olunub.
Test buraxılışının məqsədi real istifadəçilərin bu proqram təminatının müsbət və mənfi tərəflərinin eləcə də funksional imkanlarının dəyərləndirilməsi, həmçinin sisteminin davamlılıq və sair kimi texniki performansının ölçülməsidir. Beta-versiyasının istifadəsindən əldə olunacaq məlumatlar, istifadəçi dəyərləndirmələri (feedback) layihənin inkişaf etdirilməsi və gələcəyini proqnozlaşdırmaqda Mərkəzə yardımçı olacaq.
Qeyd olunub ki, layihənin Pro versiyasında yanaşma beta versiyasından fərqli olaraq "cloud base" hazırlanması nəzərdə tutulub. Belə yanaşma günü gündən artan zərərverici imza bazasının və bir sıra analiz imkanlarının kompüterlərə yüklənməsindən və kompüter performansını azaltmasından qurtulmaq, eyni zamanda analizlərdə bulud əsaslı süni intellektin tətbiqi üçün nəzərdə tutulub.
Proqramın beta-versiyasını Mərkəzin rəsmi səhifəsindən yükləmək olar.
Xatırladaq ki, bu, Azərbaycanın ilk antivirus proqramıdır.