• 12 İyul 2025
logo
Milli QHT Forumu Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı bəyanat verib

Milli QHT Forumu Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı bəyanat verib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, baş verən bu hadisə Ermənistanın vaxtilə işğal altında saxladıqları ərazilərimizə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələrinin, bununla yanaşı Ermənistan ordusunun həmin əraziləri tərk edərkən mülki ərazilərə işarələnməmiş minaları basdırmasının, son günlərə qədər kəşfiyyat qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsinin nəticələrindən biridir: “Bu onu göstərir ki, Ermənistan tərəfi daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlıdır.
Ermənistan beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmağa davam edir, minaladığı ərazilərimizin xəritəsini verməməklə hərbi cinayət əməlləri törədir. Bu hadisə peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olmuş və müxtəlif bədən xəsarətləri alaraq yaralanmışdır. Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də olub.

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq erməni silahlı qüvvələrinin işğalı altında olan Kəlbəcər rayonunun boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə Azərbaycanın göstərdiyi humanistliyə əsasən, əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edib, Ermənistan tərəfi rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət əməli törədib.

Tərkibində 743 təşkilatı birləşdirən Azərbaycan Milli QHT Forumu, Ermənistanın bu vandalizmini pisləyir, beynəlxalq təşkilatlara, media təsisatlarına, jurnalist hüquqlarını müadafiə edən qurumlara müraciət edərək, onları Ermənistanın bu hərbi cinayət əməllərinə qəti şəkildə etiraz etməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırır”.