Dünyada və Azərbaycanda baş verən yanğın hadisələri göstərir ki, artıq əvvəlki qaydada meşə yanğınlarından qorunmaq mümkün deyil.
Təkcə maarifləndirmə, yaxud yanğın baş verəndən sonra əraziyə müdaxilə yetərli olmayacaq.
Daha ciddi fəasdların baş verməməsi üçün təcili olaraq ciddi araşdırmaya, planlı və kompleks tədbirlərə ehtiyac var. Hadisələrin gedişini izləyərklən bəlli olur ki, xüsusilə dağlıq və çətin relyefə malik olan ərazilərdə yanğınsöndürmədə problemlər yaranır. Bunun səbəbləri nə ilə bağlıdır? Avtomobil yolları olmadığına görə, belə ərazilərdə baş verəcək yanğınların söndürülməsi üçün texnikanın cəlb olunması mümkün deyil. Bütün mütəxəssislər deyirlər ki, yalnız havadan müdaxilə ilə yanğını tam olaraq söndürmək olmaz. Yerdən müdaxilə vacib şərtdir ki, yanğının qarşısı tamamilə alınsın. Amma Azərbaycanda dağlıq bölgələrdə yerləşən meşələrin əksəriyyətinə avtomobil yolları çəkilməyib. Əgər belə ərazilərdə hər hansi bir hadisə baş verərsə, yanğına müdaxilə gecikəcək və beləlilklə də yanğının söndürülməsi üçün həyati əhəmiyyət daşıyan ilk 25 dəqiqə ərzində hadisə yerinə yetişmək mümkün olmayacaq. Nəticədə fəlakət baş verəcək. Buna görə də, xüsusilə dağlıq ərazilərdə olan meşələrimizlə bağlı təxirəsalınmaz tədbirlərdən biri olaraq, qısa zaman kəsiyində avtomobil yollarının çəkilməsinə və yanğın baş verdiyi zaman onun geniş miqyas almaması və lokallaşdırılması üçün, mühafizə zolaqlarının yaradılmasına ehtiyac var.
Bundan başqa yanğına rəvac verən təbii amillər, yanmaya meylli bitkilər və ağacların hansı bölgələrdə daha çox olması yenidən və daha ətraflı araşdırılmalı və həmin ərazilərdə ciddi tədbirlər görülməlidir. Bunu təkcə Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi etməməlidir. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elmlər Akademiyasının müvafiq institutu, müxtəlif universitetlər, eyni zamanda vətəndaş cəmiyyəti və media nümayəndələrindən ibarət komissiya yaradılmalı və bu istiqamətdə ciddi araşdırma aparılmalı, bütün ehtimallar nəzərə alınaraq baş verəcək hadisələrin qarşısının alınması üçün tam dəqiqliklə işlənmiş bir mexanizm hazırlanmalıdır. Əks halda fəlakətlə üzləşə bilərik...
Əli Zülfüqaroğlu