• 27 Dekabr 2024
logo
Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub

Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsin fəaliyyət istiqamətləri müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnaməyə əsasən, Fondun fəaliyyət istiqamətlərinə dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, Təhsil Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yardım etmək daxildir.
Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:
- təhsil işçilərinin, o cümlədən Nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq;
- təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlirlərin və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək;
- təhsilin inkişafını təmin edən proqramların işlənilib hazırlanmasında iştirak etmək;
- təhsilalanlar üçün məqsədli təqaüd proqramları təsis etmək;
- Fondun fəaliyyətində riskləri azaltmaq məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırmaq və tətbiqini təmin etmək;
- Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
Fondun öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
- Fondun ayırdığı vəsaitin təyinatına uyğun istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, verilən vəsaitin qaytarılması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- təhsil müəssisələrindən Fonda ayırmaların vaxtında və tam həcmdə ödənilməsini tələb etmək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
- qanunla müəyyən edilmiş qaydada regional və beynəlxalq təşkilatlara üzv olmaq;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək.