• 30 Dekabr 2024
logo
Bu gün magistraturaya növbəti qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya növbəti qəbul imtahanı keçiriləcək

Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
İmtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə mayın 10 dan 17-dək aparılıb. İmtahanda iştirak üçün 14843 bakalavr ərizə təqdim edib. Onlardan 13796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Qəbul imtahanı Bakıda 45, Sumqayıtda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 11226, Naxçıvanda 525, Gəncədə 1247, Sumqayıtda 1033, Mingəçevirdə 500, Lənkəranda 312 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1380 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı (mühafizə), 61 bina nümayəndəsi cəlb olunacaq.