• 27 Dekabr 2024
logo
Aİİ rektoru: “Öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir”

Aİİ rektoru: “Öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
Trend-in məlumatına görə, institutun növbəti səfəri İsmayıllı rayonuna olub.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. M.Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə İsmayıllı rayonunda yaradılan şəraitdən, sürətli inkişafdan, təhsilə göstərilən qayğıdan, İsmayıllı ziyalılarına, ailmlərinə, elm adamlarına verilən qiymətdən bəhs edib. Qeyd edib ki, şagirdlərin vətənpərvərlik, Azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlər əsasında inkişafına daha ciddi yanaşılmalı, təlim və tərbiyənin uğurları bir-birini tamamlamalıdır.
Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə təhsil islahatlarının aparılması, təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsi və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu sahəyə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır.
Aİİ rektoru abituriyentlərə sevdikləri ixtisası seçməyi tövsiyə edərək bildirib ki, öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir.
Ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, məqsəd və hədəfləri haqqında bəhs edən Aİİ rektoru İnstituta qəbulun tam ödənişsiz əsaslarla aparıldığını nəzərə çatdırıb. Vurğulayıb ki, bu, ilahiyyatçı olmaq istəyən, lakin təhsil haqqını ödəyə bilməyən abituriyentlər üçün böyük bir şansdır. Əsas məqsədlərimizdən biri mövhumat və xurafatdan uzaq, yüksək dini və dünyəvi biliklərə malik mütəxəssislərin yetişdirilməsidir.
Aİİ-nin ərəb dili müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov qeyd edib ki, İlahiyyat İnstitutunun təsis edilməsi ölkəmizin dini və ictimai həyatı üçün mühüm hadisədir və Azərbaycan Dövlətinin dinə, milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyətin göstəricisidir.
E.Məmmədov bildirib ki, ali təhsil müəssisəsində həm dini, həm də dünyəvi elmləri bilən, müxtəlif dillərə yiyələnən ziyalı ilahiyyatçı kadrlar və din xadimləri hazırlanır. Belə kadrların hazırlanması dinin insanlara doğru şəkildə çatdırılması, həmçinin din sahəsindəki təhlükəli tendensiyaların qarşısının alınması baxımından vacibdir. Azərbaycan İlahiyyat İnstitutu qeyd olunan parametrlərə uyğun gələn kadrların hazırlanması üçün lazımi potensiala malikdir.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini nəzərə çatdırıb.
Sonda tədbir iştirakçılarına Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş olunub.