Cavid Şahverdiyev: “Dil hər bir xalqın milli-mənəvi dəyərləri, mədəniyyəti içərisində xüsusi yer tutur”
“Tarixin sərt sınaqlarından mətanətlə çıxan ana dilimiz ən dəyərli milli sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir. Dil hər bir xalqın milli-mənəvi dəyərləri, mədəniyyəti içərisində xüsusi yer tutur”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev deyib. O, əlavə edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflığının qorunması üçün çox böyük işlər görüb: “O, deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. O, milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıb. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir”.
Təşkilat rəhbəri diqqətə çtdırıb ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanılması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələsidir: “Ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı keçirilən ümumi yığıncaqda (9 noyabr 2015-ci il) söylədiyi dərin məzmunlu nitqində xalqımızın mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunmasının zəruriliyini ayrıca olaraq vurğulayıb: “Azərbaycan dili bizi xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Təəssüflər olsun ki, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların ana dilindən istifadəsi ilə bağlı ciddi problemlər var. Son vaxtlar isə bəzi məmur və ictimai xadimlərin, müəyyən yazıçıların ictimaiyyət qarşısında, efirdə çıxışı zamanı mənfi nöqsanlar müşahidə edilir: “Bu zaman onların dilində nöqsanlar olduğu üzə çıxır. Bu isə daha çox məmurların Azərbaycan dilini yaxşı bilməməsi ilə bağlıdır. Bir sıra məmurlarımızın çıxışlarında rus kəlmələri işlətməsinin, rus dilinin intonasiyasından istifadə etməsinin şahidi oluruq. Ola bilər ki, həmin şəxslər dili əvvəldən öyrənməyib, Azərbaycandilli mühitdə olmayıb və s. Bu yolverilməzdir və cəmiyyətdə haqlı olaraq ictimai qınağa səbəb olur. Çünki müstəqil dövlətin dövlət dilini hər bir məmur bilməlidir. Bu, həm də onun vəzifə borcudur. Sıravi azərbaycanlılar da bu nöqsanlara tez-tez yol verirlər. Azərbaycan dilinin gözəlliyinə xələl gətirən yad ifadələr, terminlərdən istifadə olunur. Xaricdə yaşayan soydaşlarımızın dil probleminə gəldikdə, onlar, orada yaşayır, övlad dünyaya gətirir, bu övlad hansı dilə, hansı xalqa mənsubluğunu bilməlidir. O, ana dilində təhsil alsa, heç olmasa ibtidai təhsilini bu dildə ala bilsə, çox gözəldir. Amma bunun üçün məktəblər, dərsiklər, ana dilində vəsaitlər yoxdur. Düzdür, Rusiyada, Almaniyada, Hollandiyada “Bazar Günü” məktəbləri var. Səfirliklər bu istiqamətdə müəyyən işlər görməyə çalışırlar. Amma, bunlar müəyyən dərəcədə sistemsiz, heç bir vahid metodikası olmayan, yəni necə gəldi fəaliyyət göstərən qruplardır”.
C.Şahverdiyev əlavə edib ki, Azərbaycanda ona yaxın televiziya və radio kanalı fəaliyyət göstərir: “Amma bunların heç birində “Azərbaycan dili”ni təbliğ edən veriliş yoxdur. İngilis, fransız dilini öyrədirlər, amma Azərbaycan dilini öyrədən verilişlər mövcud deyil. Əlbəttə, bu çox acınacaqlıdır. Azərbaycan Respublikasının dövlət dili haqqında ölkə başçısının qayğı dolu bu sözləri və tələbi hər bir Azərbaycan vətəndaşı üçün proqram səciyyəsi daşımalı, vəzifə borcu olmalı və sözsüz həyata keçirilməlidir. Çünki dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qanunlarına əməl etmək hər bir kəsin vəzifə borcu olmalıdır. 3. Layihənin ideyası və qısa təsviri Xalqın əsrlər boyu formalaşan və əvəzsiz bir miras kimi nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərini, o sıradan dilini qorumaq, cəmiyyətin bu dəyərlər əsasında formalaşmasını təşkil etmək, onu müasir dövrün tələblərinə uyğunlaşdıraraq yaşatmaq və gələcək nəsillərə ötürmək qarşıda duran çox vacib vəzifələrdəndir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biri ilə birləşdirən və onları biri-biri ilə doğmalaşdıran atributdur. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz, başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. İnformasiya əsrindəyik, hər birimizin internetə çıxışımız var, indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır. Ona görə də fəaliyyətimizi informasiya əsrinin tələblərinə uyğun qurmağı daha məqsədəuyğun hesab edirik. Bu formada ideoloji maarifləndirmə işinin daha geniş auditoriyanı əhatə edəcəyi və effekt verəcəyinə, eyni zamanda digər sosial şəbəkələrdə də ictimailəşdirməklə daha müsbət nəticələr əldə edəcəyimizə inanırıq”.
C.Şahverdiyev diqqətə çatdırıb ki, təşkilat olaraq bu istiqamətdə müəyyən zamanlarda layihələr həyəata keçiriblər: “Bizim bu istiqamətdə həyata keçirdiyimiz layihələrin məqsədi milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafına xidmət etməkdir. Qeyd edək ki, Azərbaycan dilindən İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Əfqanıstan, Suriya ərazisində daha geniş istifadə olunur. Azərbaycan dili həmçinin ABŞ-də və Qərbi Avropa ölkələrində (özəlliklə Almaniya, Avstriya, Böyük Britaniya, Danimarka, Hollandiya, Norveç, Fransa) böyük sayda yaşayan azərbaycanlıların danışdığı dildir. Çoxu İrandan işləmək üçün gedənlərdir. Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılar, 500 mindən çox azərbaycanlının yaşadığı Gürcüstanda Azərbaycandilli məktəblərinin sayının az olması dilimizin gələcək taleyi üçün böyük təhlükə yarada bilər. Biz, bununla bağlı internet resursları üzərindən həm daxildə, həm də xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin saflaşdırılması və qorunması istiqamətində təbliğat aparmışıq, eyni zamanda yazılar yazmışıq. Hesab edirəm ki, bu istiqamətdə daha ciddi fəaliyyətə ehtiyac var”.
Əli