• 26 Dekabr 2024
logo
"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların 4-cü günü başlayıb

"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların 4-cü günü başlayıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların dördüncü günü start götürüb.
Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.
İdman gimnastikası yarışlarının dördüncü günündə kişi və qadın atletlər müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar.
Kişilər sərbəst hərəkətlər, dəstəli at, halqalarda, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda yarışırlar. Gimnastımız Səməd Məmmədli isə sərbəst hərəkətlər və dəstəli at yarışlarında medallar uğrunda mübarizə aparır.
Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.