Kişi voleybolçular arasında Yüksək Liqada bütün mükafatçılar bəlli olub.
Buna XIX turun ilk iki seti aydınlıq gətirib.
Günün açılış matçında “Sərhədçi” ilə görüşən “Murov” ilk iki seti qazanmaqla ən azı 1 xalı təmin edib. “Murov” Voleybol Klubunun idman zalında əldə olunan bu xal çempionluq üçün yetərli olub.
Çünki xal sayını 39-a çatdıran komanda izləyicisi üçün əlçatmazdır. “Ekspress”lə qarşılaşacaq “Neftçi” həm bu gün, həm son turda quru hesabla qalib gəlsə də, “Murov”a çata bilməyəcək.
Bu isə o deməkdir ki, ilk oyunun iki seti bitdikdən sonra “ağ-qaralar”ın gümüş qazanması da rəsmiləşib. Bu turda istirahət edən MOİK isə öncədən bürünc medalı təmin edib.
Qeyd edək ki, Azərbaycan çempionatında 5 komanda 4 dövrədə mübarizə aparır.