• 18 Sentyabr 2024
logo
Türkiyə Ali Məhkəməsinin sədri ilə görüş keçirilib

Türkiyə Ali Məhkəməsinin sədri ilə görüş keçirilib

Sentyabrın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, “Əbədi məşəl” abidəsinin, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.

Ali Məhkəmədən Baymedia.az-a verilən məlumata görə, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömər Kərkəzin başçılıq etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.

Ali Məhkəmənin sədri İnam Kərimov Ömər Kərkəzi qardaş Türkiyənin Ali Məhkəməsinin sədri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Xalqlarımızın qardaşlığı və həmrəyliyi sayəsində iki ölkə arasında bütün sahələrdə əlaqalərin yeni mərhələyə qədəm qoyduğu və daim inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, hər iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar mövcuddur.

Görüşdə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti barədə geniş məlumat verilib.

Ömər Kərkəz iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayaraq, əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, onun tarixini əks etdirən muzeyə baxıblar.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.