Bu gün 14 avqustda güneyli fəalların ailələrinin verdiyi məlumata görə, 24 iyul (2 mordad) aksiyası ilə bağlı saxlanılan 5 milli-mədəni fəal girov qarşılığında azadlığa buraxılıblar.
Nadir Sadiqiyan, Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri və Şahin Bərzgər 24 iyul tarixində ətraf mühit və məişət problemləri ilə bağlı Təbrizdə keçirilən aksiya ilə bağlı saxlanılaraq Təbrizin təhlükəsizlik idarəsinin təcrisxanasına aparılmışdılar.
Avqustun 11-i gecə saatlarında Təbriz zindanına köçürülən fəallar bu gün 40. 60 və 70 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılıblar.
Nadir Sadiqiyan, Yusif Sələhşur və Məhəmməd Mərdinin işinə Təbrizin Dövlət və İnqilab Məhkəməsinin 15-ci bölməsində baxılıb və onlar “ictimai asayişi pozmaq” və “hökumətə qarşı təbliğat”da ittiham olunublar.
Vəhid Əbhəri və Şahin Bərzgər və Əmir Səttari Rəufun barəsində isə Dövlət və İnqilab Məhkəməsinin 16-ci bölməsi qərar verməlidir. Qeyd edək ki,məmurlar iş saatının bitdiyini bəhanə gətirərək Əmir Səttari Rəufun tələb olunan girovu qoymasına baxmayaraq onu sərbəst buraxmayıblar.
Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz(Xuzistan) etirazçılarına dəstək aksiyası keçirlib. Aksiyada həmçinin, Güney Azərbaycan bölgələrində mövcud olan sosial problemlərə, ekoloji böhrana laqeyd qalan hökumətin siyasətinə etiraz edilib.
Müxtəlif şəhərlərdə çoxlu sayda milli-mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb.
Bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılsa da, həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.
Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, 24 iyul aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayı 150 nəfər civarındadır.
Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və mediiya məlumat verilməsin.
Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.
Gunaz.tv