• 3 İyul 2025
logo
Qərbi Azərbaycanda müntəzəm elektrik kəsintisi sosial həyatı iflic edib

Qərbi Azərbaycanda müntəzəm elektrik kəsintisi sosial həyatı iflic edib

Ötən ildən başlayan elektrik kəsintiləri Qərbi Azərbaycanda vətəndaşların həyat və əmək fəaliyyətlərində ciddi problemlər yaradıb.
Qərbi Azərbaycan əyalətinin Elektrik Enerjisi Şirkətinin başçısı Əkbər Həsənbəglu uzun fasiləli elektrik kəsintilərini səbəbindən danışıb.
Əkbər Həsənbəglu bildirib ki, ötən il 33566 yeni abunəçi elektrik enerjisi sisteminə qoşulub. Bu isə 2.5% artım deməkdir.
“Qərbi Azərbaycan əhalisinin elektrik enerjisindən istifadə həcmi 1280 MVt-dır, bu il isə havaların həddindən artıq isti keçməsi səbəbindən bu sahədə 15-20% artım müşahidə olur”-deyə, Ə.Həsənbəglu bunu enerji çatışmazlığının səbəblərindən biri kimi qeyd edib.
O, deyib ki, əyalətdə elektrik enerjisindən istifadə həcminin ortalama 1280 MVt olduğu halda, nəzərdə tutulan kvota 920 MVt-dir. Bu isə uzun fasiləli elektrik kəsintilərinin baş verməsinə səbəb olur.
Qeyd edək ki, son bir ayda İranın müxtəlif şəhərlərində gün ərzində bir neçə dəfə ard-arda elektrik enerjisinin kəsilməsi iqtisadiyyat və istehsal sahəsinə ağır zərbələr vurub, ölkə vətəndaşlarının həyat və fəaliyyətini iflic edib, hakimiyyətə qarşı kütləvi etirazların keçirilməsinə səbəb olub.
Yayılan məlumata görə, elektrik enerjisi kəsintiləri vətəndaşların elektriklə işləyən ev əşyalarının sıradan çıxmasına səbəb olub, dövlət idarələri, banklar, kiçik sexlər, xəstəxanalar, çörək mağazaları və supermarketlərə ziyan vurub, xəstəxanalarda ciddi həkim nəzarətində olan bir çox xəstələrin ölümünə gətirib çıxarıb.
Gunaz.tv