Avqustun 23-də Təbrizdən olan fəallar Davud və Əyyub Şiri qardaşları məhkumluq dövrlərinin başa çatması səbəbindən Təbriz zindanından azadlığa buraxılıblar.
Onların istintaq müddətində təcridxanada saxlanıldığı günlər həbs müddətindən çıxılıb. Milli fəallar həbsdə olduqları zaman barələrində açılmış yeni cinayət işinə görə 100 milyon tümənlik vəsiqə girov qoyublar.
Şiri qardaşları iyun ayının 12-də Təbrizdə Qərarların İcrası İdarəsinə müraciət etdikdən sonra saxlanılaraq Təbriz zindanına aparılıb.
Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi Əyyub və Davud Şiri barəsində ilkin məhkəmənin çıxardığı 6 ay həbs qərarını qüvvədə saxlanılıb.
Qeyd edək ki, Təbrizdən olan milli-mədəni fəallar Davud Şiri və Əyyub Şiri yanacağın bahalaşmasına qarşı başlayan 2019-cu ilin noyabr etirazlarında iştirak ittihamı ilə milli fəallar Ruzbeh Piri, Məhəmməd Mahmudi, Əkbər Muhaciri, Şahin Bərzgər, Yaşar Piri, Nasir Xülusi, Babək Hüseyni Müqəddəm və digərləri ilə birlikdə Təbrizdə saxlanılıb.
Onlar 100 gün müvəqqəti saxlama təcridxanasında tutulduqdan sonra 26 fevral 2020-ci il tarixində 600 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdılar.
Bundan başqa məhbus qardaşlar iyunun 26-da Əli Musəvinin başçılıq etdiyi Təbrizin 16-cı istintaq idarəsinə aparılaraq orada barələrində irəli sürülmüş yeni ittihamla tanış olublar.
İstintaq şöbəsinə aparılan fəallara qarşı “ölkənin təhlükəsizliyinə qarşı qrup yaratmaq” ittihamı irəli sürülüb.
Bununla yanaşı müstəntiq yeni ittihamla bağlı fəalların hər biri üçün 100 milyon tümən girov qoymaları barədə də qərar verib.
Gunaz.tv