• 13 İyul 2025
logo
“Ölkənin durumu müharibə dövründən daha pisdir”

“Ölkənin durumu müharibə dövründən daha pisdir” - Təbrizin millət vəkili

Təbriz, Tufarqan və Üskü şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan mətbuata verdiyi müsahibədə ölkə məsullarını işləmək yerinə danışmaqda günahlandırıb.
M.Pezeşkiyan bildirib ki, ölkədə mövcud olan problemlərin həlli üçün əməli addımlar atılmalı, hər sahənin özünə uyğun mütəxəssisləri işə cəlb olunmalıdır.
“İqtisadiyyat və aqrar sahələrdə xaricdən mütəxəssislər cəlb etməməklə yanaşı daxildə olan mütəxəssislərin xidmətindəndə istifadə olunmur.
Danışmaqla ölkə düzəlməz, problemlər həll olunmaz. Fədakarcasına çalışmaqdan danışırlar. Ancaq işlər bilik və təxəssüslə qabağa aparılmalıdır.
Tutaq ki, biri həkim olmadığı halda tibbi sahədə fədakarlıq etmək istəyir. Bu mümkün deyil. xəstənin müalicəsi üçün ilk-öncə o tibbi bilik lazımdır”-deyə, Pezeşkiyan bildirib.
Millət vəkili deyib ki, futbolun inkişafı üçün xaricdən mütəxəssislər cəlb edir və onun əxlaqi dəyərlərini, şəxsi həyatını nəzərə almırlar. Ancaq başqa vacib sahələrdə dini ölçüləri əsas gətirərək xarici mütəxəssislərin cəlb olunmasına əngəl törədirlər.
“Ölkənin durumu müharibə dövründən daha pisdir. Məsullar xarici sərmayəçilərin cəlb olunmasından danışırlar. Mən onlara deyirəm ki, ilk-öncə daxili sərmayələri qoruyub saxlayın, sonra xarici sərmayəçilərin gəlməsini düşünün.
Bu şərayitdə heç bir xarici investor ölkəyə gəlməz”-deyə, Təbrizin millət vəkili hakimiyyəti yanlış iqtisadi siyasət yürütməkdə günahlandırıb.
Məsud Pezeşkiyan bildirib ki, yanlış siyasətlər ucbatından gənclər və mütəxəssislər ölkədən qaçmağa yollar axtarırlar.
Gunaz.tv