• 4 İyul 2025
logo
Tramp: "İğtişaşlarda iştirak edənlər qanun qarşısında mühakimə olunacaqlar"

Tramp: "İğtişaşlarda iştirak edənlər qanun qarşısında mühakimə olunacaqlar"

Yanvarın 6-da ABŞ Konqresi ərazisində törədilmiş iğtişaşların iştirakçıları ölkəyə qarşı hücum ediblər, onlar məhkəmə qarşısına çıxarılacaqlar.

APA TASS-a istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın hazırkı prezidenti Donald Trampın videomüraciətində deyilir. Müraciət Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

“Ötən həftə üzləşdiyimiz şiddəti qəti şəkildə qınayıram. Ölkəmizdə, hərəkatımızda şiddət və vandalizmə heç bir halda yer ola bilməz. “Amerikanı yenidən qüdrətli etmək” (Trampın seçkiqabağı lozunqu - Red.) – qanunun aliliyinin hər zaman qorunması, hüquq-mühafizə orqanlarından olan kişi və qadınlara dəstək, ən müqəddəs adət və dəyərlərimizin qorunması deməkdir. Qiyamçıların zorakılığı hərəkatımızın mənim də inandığım amalına, hər şeyə ziddir. Sadiq tərəfdarlarımdan heç biri heç vaxt siyasi zorakılığı dəstəkləməyib, hüquq-mühafizə orqanlarının işçilərinə və ya qüdrətli bayrağımıza hörmətsizlik etməyib, heç biri ABŞ vətəndaşlarını təhdid və ya onlara hücum etməyib. Əgər bunlardan birini etmisinizsə, o zaman bizim hərəkatımızı dəstəkləmirsiniz, siz ona və ölkəmizə qarşı hücum etmisiniz. Biz bununla barışmayacağıq. Keçən həftə hücumlarda iştirak edən hər kəs ədalət qarşısında mühakimə olunacaqlar. Hər kəs kimi mən də keçən həftə Konqresdə olan bu fəlakətdən şok oldum və çox üzüldüm”, - deyə Tramp öz videomüraciətində bildirib.