• 26 Dekabr 2024
logo
Şarl Mişel: "Aİ Türkiyə ilə münasibətlərdə masaya konkret və müsbət gündəm qoymağa hazırdır"

Şarl Mişel: "Aİ Türkiyə ilə münasibətlərdə masaya konkret və müsbət gündəm qoymağa hazırdır"

"Avropa İttifaqı (Aİ) Türkiyə ilə münasibətlərdə masaya konkret və müsbət bir gündəm qoymağa hazırdır".

APA-nın xəbərinə görə, bunu Aİ Şurasının prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdən sonra Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Son aylarda Türkiyə və Aİ arasında gərginliyin azalmasının müşahidə olunduğunu bildirən Şarl Mişel əlavə edib ki, bu müsbət inkişaf qorunmalı və genişləndirilməlidir:

“Prezident Ərdoğanla görüşdə də biz bildirdik ki, Avropa İttifaqı üç təmələ - iqtisadi əməkdaşlıq, miqrasiya, xalqlararası əlaqə və hərəkətliliyə əsaslanaraq masaya konkret və müsbət bir gündəm qoymağa hazırdır. Bizim əlaqələrimiz mütərəqqi, mütənasib olacaq. Ümid edirik ki, Türkiyə bu fürsətdən istifadə edə biləcək".

Şərqi Aralıq dənizindəki gərginliyə gəlincə, Şarl Mişel Aİ-nin Şərqi Aralıq dənizində təhlükəsizlik və stabillikdə, qarşılıqlı faydanın götürülməsində və həmçinin Türkiyə ilə müsbət əlaqələrin saxlanılmasında strateji marağının olduğunu deyib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə bildirib ki, Türkiyə Aİ ilə konstruktiv şəkildə yenidən əlaqəyə girməkdə maraqlı olduğunu ifadə edib.

"İyun ayında keçiriləcək sammitdən əvvəl münasibətlərimizə yeni təkan vermək üçün çalışmağa hazırıq.

Bu gün Aİ Şurasının Prezidenti Şarl Mişel və mən görüşümüzdə fundamental hüquqlara və qanunun aliliyinə hörmətin Aİ üçün çox vacib olduğunu açıq şəkildə vurğuladıq. Bu, Türkiyə ilə əlaqələrimizin ayrılmaz hissəsi olmalıdır", -deyə Ursula von der Leyen bildirib.

O, Türkiyə Prezidenti ilə müzakirələr zamanı güclü iqtisadi əlaqələr, modernləşdirilmiş Gömrük İttifaqı və miqrasiya sahəsində Aİ və Türkiyə arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.