Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu “ABC” radiosuna işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma işləri və məcburi köçkünlərimizin geri qayıtması üçün mövcud olan maneələr haqda müsahibə verib.
Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, müsahibədə ilk olaraq, Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın hərbi işğalında olan ərazilərimizin böyük hissəsinin azad edildiyi, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış atəşkəs razılaşmasına əsasən, Ermənistanın öz silahlı qüvvələrini digər ərazilərimizdən çıxartdığı, bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi və burada atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya ortaq monitorinq mərkəzinin yaradıldığı məlumat verilib.
Proqramda məcburi köçkünlərin öz evlərinə qayıtmasının hazırda Azərbaycan hökumətinin ən vacib prioritetlərindən biri olduğu bildirilib və bu məqsədlə bölgədə geniş miqyaslı bərpa və yenidənqurma işlərinə, bu xüsusda avtomobil yolları, hava limanları və digər infrastruktur layihələrinin inşasına başlandığı qeyd olunub.
Bununla belə, azərbaycanlı məcburi köçkünlərin qısa zamanda geri qayıtması üçün ciddi maneələrin olduğu, bu xüsusda işğaldan azad edilmiş ərazilərin son 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən tamamilə dağıdıldığı, buradakı yaşayış infrastrukturu və Azərbaycana aid tarixi-mədəni irsin məhv edildiyi vurğulanıb.
Eyni zamanda, Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərimizdə kütləvi minalama işləri apardığı, Azərbaycanın burada son bir neçə ayda yüzlərlə kilometr boyu xeyli sayda mina zərərsizləşdirdiyinə baxmayaraq, mütəmadi mina partlayışlarının bölgədəki hərbçilər və mülki vətəndaşlarımız arasında çoxsaylı itkilərə səbəb olduğu, Ermənistan tərəfinin hazırda öz beynəlxalq öhdəliklərinə zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi və nəticədə buradakı insanların həyatının daim təhlükədə olduğu, eləcə də bölgədə yenidənqurma işlərinin aparılmasına ciddi əngəl yarandığı deyilib.
Regionda davamlı sülhün əldə edilməsinin şərtlərinə dair aparıcının sualına münasibətdə bunun üçün Ermənistan rəhbərliyinin təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli və öz xalqını sülhə hazırlamalı olduğu qeyd edilib.
Sonda Meksikanın Azərbaycan-Ermənistan münaqişəsi davam etdiyi müddətdə hər zaman beynəlxaq hüquqa və müvafiq BMT qətnamələrinə tərəfdar olduğu üçün Meksika tərəfinə təşəkkür ifadə edilib.