• 10 İyul 2025
logo
“Qarşıda Talibanı və Pakistanı uzun və çətin sınaq gözləyir”

“Qarşıda Talibanı və Pakistanı uzun və çətin sınaq gözləyir”

Turab Rzayev: “Artıq Əfqanıstanda asayiş və təhlükəsizlik onların öhdəliyindədir”

Əfqanıstanda vəziyyət günü gündən gərginləşir. Bir sıra proqnozlaşdırılmayan hadisələr də baş verir. Görünən odyur ki, proseslər qlobal miqyas alacaq və bu da dünyaya- xüsusilə Çin və Orta Asiyaya ciddi təsir edəcək.
Bu proseslərlə bağlı analitik Turab Rzayevlə söhbətləşdik. T.Rzayev bildirdi ki, “İslam dövləti” (İŞİD) Kabildəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Onun sözlərinə görə, İŞİD eyni zamanda “Taliban”ı ABŞ Silahlı qüvvələri ilə əməkdaşlıqda, düşmən ilə əlaqədə ittiham edir: “İŞİD-ə görə Taliban cəsusların, agentlərin və digər Amerika əlaltılarının təxliyə edilməsinə icazə verməməli idi. İŞİD Kabil hava limanındakı terror aktı ilə “Taliban”ı açıq duelə çağırdı. Artıq Əfqanıstanda Talibanın yeganə alternativi İŞİD olacaq. Taliban qarşısansa, buyur gəl keç, bizim sıralara. Əvvəllər də Əfqanıstanda aktiv olan İŞİD adətən ölkənin cənubunda Pakistan sərhəddində və Şimalında Özbəkistan və Tacikistan sərhədlərində möhkəmlənmək ilə məşğul idi. Hətta, vaxtaşırı sərhədləri də pozmaqdan çəkinməyən İŞİD, Taliban ilə mümkün qarşıdurmalardan çəkinir, əvəzinə özünü bir kənara çəkib tərəfdar toplayır, narkoticarəti elə keçirib, Maddi cəhətdən güclənirdi.
Aşkar çağırış edir və məzmunca özünün taliblər əleyhinə müqavimətin mərkəzi olduğunu göstərir.
Talibanın uğurlarının əsas səbəbləri özünə qarşı istifadə oluna bilər. Belə ki, dünənə qədər Talibanın əsas üstünlüyü itirməyə heç nəyi olmayan inanclı Əfqan tayfalarından olan kasıb və ümidsiz gənclər idi. Hər şeydə, hər uğursuzluqda korrupsiyaya bulaşmış, xarici qüvvələrin əlində alətə çevrilmiş Mərkəz günahkar idi. Taliban bu hökumətə qarşı yavaş amma davamlı partizan müharibəsi aparırdı.
İndi isə hər şey dəyişib. Artıq Taliban özü hökumətdir və bütün uğursuzluqlara, bütün məhrumiyyətlərə görə məhz o cavabdehdir. İndi mərkəzi hakimiyyəti təsis etmək və qorumaq üçün radikal silahlı qüvvələrlə Taliban özü mübarizə aparmalıdır, özü partizan hərəkatları boğmalıdır və bütün bunlarla paralel sosial rifahı, əhalinin iqtisadi vəziyyətini sürətlə inkişaf etdirməyi də unutmamalıdır.
Taliban bütün bunlar üçün Amerikanın dondurduğu 9 milyard dolları ölkəyə gətirməlidir. Dünya Bankının ayırdığı 370 milyon, və digər yardımları, kreditləri ala bilmək üçün özünü beynəlxalq ictimaiyyət qarşısında məsul hökümət kimi aparmalıdır. Artıq o bir partizan dəstəsi deyil. Və özünü bu cür apara bilməz. İŞİD bu vəziyyəti Talibanın “axilles dabanı” kimi görür. Talibanı satqınlıqda, günahkar, ölkəni və onun maraqlarını satmış kollaborist əfqanları rahat xaricə uçmağa, ölkədən getməyə icazə verməməyə çağırır. Talibanın verdiyi sözlər, imzaladığı müqavilə və müsbət imic yaratmaq ehtiyacı var. İŞİD isə vampir kimi qandan, qəddarlıq və vəhşiliklərdən bəslənir. İŞİD bu üsulla bir tərəfdən Taliban tərəfindəki ekstremist, radikal qrupları öz tərəfinə çəkməyi ümid edir. Çünki cahil, savadsız radikal şəxs üçün kafir Amerika ilə müqavilə xəyanətdir. Digər tərəfdən hakimiyyətdən narazı qüvvələri cəlb etmək istəyir. Belə ki, hakimiyyətdə hamıya çatacaq qədər yer yoxdur və gec-tez bir xeyli tayfa , etnik və dini qruplar bölgüdən narazı qalacaqlar.
Önümüzdəki dövrdə biz Əfqanıstanda İslam Əmirliyi(Taliban) ilə İslam Dövləti (İŞİD) arasında ciddi mübarizənin şahidi olacağıq. Talibanın İŞİD ilə və digər ekstremist dini qruplarla da mübarizə təcrübəsi var. Hələ heç bir radikal qruplaşma, "İŞİD-Xorasan" da daxil olmaqla Taliban qarşısında duruş gətirə bilməyib.
Amma diqqət çəkən 2 məqam var: 1) minlərlə döyüş maşını, və milyardlarla dollar dəyərində silahlar həqiqətənmi, sadəcə Talibana təhvil verilib?! Bunlardan İŞİDə pay düşməyib ki?!
2) Taliban Əfqanıstanda rahat hakimiyyəti ələ almaq üçün, xarici müdaxilə olmaması üçün, həm Rusiyaya, həm Çinə, həm də İrana qonşu ölkələrə hücum etməmək ilə bağlı öhdəliklər götürmüşdü. İŞİDin isə belə öhdəlikləri yoxdur. Görəsən, bu region Suriyaya İŞİD əli ilə çevrilməyəcək ki?
“Postamerika Əfqanıstanı” tarixinin səhifəsi bütöv bir fəsilə çevrilib, onun əsas məzmunu isə taliblərlə “cihad beynəlmiləl”inin mübarizəsindən ibarət olacaq. Talibanın rəhbərləri heç də duyğusal adamlar deyil və uduzmaq niyyətləri yoxdur. Birbaşa silahlı toqquşmalarda onlar dövri olan “İŞİD-Xorasan”ı darmadağın edirlər.
Kabul aeroportundakı ağ Toyotolar gözə dəydikdən sonra, bu suallara cavab vermək daha da çətinləşir”.

Kabul aeroportu niyə partladıldı?!

T.Rzayev əlavə edib ki, Kabul hava limanına baş vermiş terror hücumlarında 15 ABŞ hərbçisi, onlarla Taliban döyüşçüsü həyatını itirib: “Bu hücumla İŞİD qeyri-rəsmi olaraq Talibana müharibə elan etdi Aeroporta Taliban nəzarət etmirdi, beynəlxalq koalisiyanın nəzarətində idi. Amma Kabul şəhərinə təhlükəsizlik də daxil olmaqla ümumi nəzarət Talibandan, daha dəqiqi qeyri-rəsmi olaraq Taliban daxilindəki Həqqani qrupundan asılı idi.
Həqqani qrupu Taliban daxilində ən radikal və güclü fraksiya sayılır, eyni vaxtda kifayət qədər daxildə və xaricdə şaxələnmiş, böyük maliyyə resurslarına malik qrupdur. Şəhərin təhlükəsizliyinə rəhbərlik bu qrupun rəhbəri Amerikanın terrorist saydığı, başına 5 milyon dollar mükafat qoyulan Xəlil Həqqaniyə həvalə edilmişdi. Bu partlayış təkcə Əfqanıstan İslam Əmirliyinin (Taliban) deyil, eyni vaxt Həqqani qrupunun da nüfuzuna endirilmiş böyük zərbə sayıla bilər.
Hətta Pentaqon rəsmisi belə, terroristlər ilə əməkdaşlıq etmədiyini göstərmək üçün öz çıxışında Həqqani qrupu ilə Talibanı ayırmağa cəhd göstərmiş, Həqqaninin Taliban olmadığını demişdi.
Həqqani qrupu xarici əlaqələri kifayət qədər geniş toxunmuş təşkilati qrupdur. Ərəb ölkələri ilə (Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və s.) Əfqanıstan (Taliban) arasında əsas koordinasiyanı bu qrup həyata keçirir. Fundamentalist ərəb təşkilatlarından gələn döyüşçülərin yerləşdirilməsi, eyni vaxtda yarımadadan gələn maliyyənin yerbəyer edilməsi Həqqanilərin nəzarətindədir. Həqqani qrupu eyni vaxtda Pakistan kəşfiyyatı ilə də sıx əlaqələrə məşğuldur. Əfqanıstanın Hindistan ilə iqtisadi-siyasi əlaqələrinin güclənməsinə qarşı olan qrup, tez-tez Əfqanıstandakı hind kapitalına qarşı hücumlar təşkil edirdi. Hindistanın Taliban qarşı sərt mövqe tutmasının bir səbəbi də məhz, Talibanın, xüsusilə Həqqani qrupunun Pakistan kəşfiyyatı ilə olan yaxın əlaqələridir.
Kabul aeroportundakı partlayış, bir tərəfdən həqqanilərə və talibana zərbə vurdusa da, digər tərəfdən də Pakistana hələ hər şeyin bitmədiyini, Əfqanıstana nəzarət etməyin o qədər rahat olmayacağını göstərdi. Qarşıda Talibanı və Pakistanı uzun və çətin sınaq gözləyir. Artıq Əfqanıstanda asayiş və təhlükəsizlik onların öhdəliyindədir”.

Talibana “hədiyyə” verilən silahlar

Onun sözlərinə görə, Taliban son döyüşlərdən sonra Əfqanıstanda ABŞ-ın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib: “Taliblər eyni vaxtda son 20 ildə ABŞ ordusu ilə əməkdaşlıq edən əfqanların biometrik məlumatlarına giriş əldə ediblər.
Bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzeti də ətraflı araşdırma aparmışdı.
ABŞ Əfqanıstanda 75 mindən çox avtomaşın, 200 təyyarə və helikopter, 600 min atıcı və yüngül silah qoyub. Bizdə olan məlumatlara görə bu silahların içərisində 22.174 Humwee, 634 MI 117, 155 MxxPro mina əleyhinə zirehli maşın, 169 MI 113 PDM, 42.000 pikap və SUV, 65.000-ə yaxın pulemyot, 8000 yük maşını, 176 top və s. Də daxildir. Bundan başa Talibanın əlinə 33 MI-17 vertolyotu, 33 UH-60 BlackHawk vertolyou 43 MD530 vertolyotu, əlavə olaraq 4 C-130, 23 Embrarer A 29 Super Tucano, 28 Cessna 208, 10 Cessna AC-208 təyyarələri keçib. Bu silahlar Taliban yaraqlılarının əlinə keçib. Qəzetin yazdığına görə hazırda Talibanın əlində dünya ölkələrinin 85%-dən daha çox Qara Şahin ("Black Hawk") hərbi vertolyotları mövcuddur”.

Taliban və Türkiyə

Analitik əlavə edib ki, Kabul aeroportuna nəzarət üstündə Türkiyəvə yeni Əfqanıstan hökuməti arasında danışıqlar davam edir: “Aeroportu idarə edə bilməyəcəyini başa düşən Taliban Türkiyədən və Qətərdən texniki yardım istəyib. Taliban istəyir ki, Kabul Beynəlxalq hava limanını Türkiyə idarə etsin. Türk hərbçilərinin verdiyi məlumata görə Türkiyə hava limanını işlətməyə etiraz etmir. Amma əvəzində, həm də Aeroportun təhlükəsizliyini Türkiyə ordusunun qorumasını istəyir. Türkiyə Talibanın bu məsələdə tücrübəsiz olduğunu irəli sürür. Türkiyə prezidentinin müşaviri də bu məsələdə qapını tam bağlamayıb. Üeyd edək ki, daha əvvəllər də Amerika Birləşmiş Ştatları və NATO Türkiyədən aeroportun təhlükəsizliyini öz üzərinə götürməsini istəmişdi. Türkiyə tərəfi bunu müəyyən şərtlərlə qəbul etmiş, Taliban isə buna qarşı çıxmışdı. Düşünürəm ki, burda ortaq variant kimi, Taliban Türkiyənin özəl mühafizə və ya başqa bir formada öz hərbçilərini (bunlar ehtitada olan hərbçilər və ya müqaviləli mühafizə xidməti də ola bilər) Kabul aeroportuna yerləşdirməsini qəbul edəcək. Türkiyə də kompromis variant olaraq, Aeroportun ümümi təhlükəsizliyini Əfqanıstan ordusu ilə bölüşəcək. Ümumi mühafizədən Taliban, xüsusi müafizədən isə Türkiyə məsul olacaq”.

Əli Zülfüqaroğlu