“Bu gün də Xarkovdan azərbaycanlıların təxliyəsi həyata keçiriləcək”.
Bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
O bildirib ki, dünən çoxu tələbələr olmaqla, 650 nəfər soydaşımız təxliyə olunub: “Artıq 2 gündür Xarkov bombardman edilir. Azərbaycanlılar da kütləvi surətdə Xarkovu tərk etməyə başlayıb. Onların müəyyən hissəsi Azərbaycana, Ukrayna vətəndaşı olan azərbaycanlılar isə Ukraynanın nisbətən daha təhlükəsiz olan regionlarına gedirlər. Bu gün artıq səhər saat 7.00-da bir qatar Lvova yola düşüb. Vağzala gələn qatarda insanlar üst-üstə minməyə çalışır, vəziyyət həddən artıq çətindir. Bu gün günorta saatlarında daha bir qatar da Xarkovdan yola düşəcək”.
M. Ömərov diqqətə çatdırıb ki, bombardman bu şəkildə davam edərsə, burada yaşamaq çox çətinləşəcək: “Dünən səhər saat 8-də Xarkovun mərkəzində yerləşən Administrasiyanın binası bombalandı, 10 nəfər adam orada həlak oldu, 35 nəfər yaralandı. Günorta saatlarında Xarkov Aviasiya Zavodu bombalandı. Qırıcı təyyarələr Xarkova bombalar tökürlər. Bu bombalar partlayanda bombanın təsirindən bütün şəhər silkələnir, elə bil atom bombası partlayır. Şəhərdə bir çox binaları partladıblar. Gecə sakit olsa da, səhərdən yenə şəhər bombardman edilir, artilleriya atəşinə tutulur. Şəhərin 3 rayonunda qaz, işıq, su verilmir. Şəhər meriyası bu işdə çox böyük əziyyət çəkir. Çünki hava soyuqdur, onlar gecə-gündüz çalışırlar ki, şəhərə qaz, su, işıq verilişi dayanmasın”.
M. Ömərov qeyd edib ki, ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını dəqiqləşdirmək artıq çox çətindir.