“Prezident Putinin müharibəsinin xarakteri göstərir ki, onun qanunun aliliyinə, beynəlxalq qayda və prinsiplərə və ən əsası fundamental insan hüquqlarına, yaşamaq hüququna hörməti yoxdur”.
Bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
O bildirib ki, Ukraynada baş verənlər İkinci Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən ciddi təhlükəsizlik təhdididir: “NATO müttəfiqləri Ukraynaya illər ərzində hərbi dəstək verib və bu dəstəyi verməyə davam edəcək”.
Stoltenberqin sözlərinə görə, Rusiya Prezidentinin Avropanın müstəqil, suveren ölkəsinə və xalqına qarşı etdikləri qəbuledilməzdir.
“NATO-nun vəzifəsi Ukraynaya dəstək verməkdir və biz bunu edirik. Bura hərbi texnologiyalar, maliyyə dəstəyi, humanitar yardım daxildir. Ancaq hansı sülh razılaşmasına qərar vermək Prezident Zelenski və Ukrayna xalqına aid bir məsələdir. Biz başa düşürük ki, diplomatiya masasındakı nəticələrin döyüş meydanında əldə olunan nəticələrlə yaxın əlaqəsi var. Ona görə də Ukraynanın döyüş meydanında güclü olmasına dəstək veririk ki, onlar müzakirələr masasında ən yaxşı həlli əldə etsinlər. Biz məsləhət verə bilmərik, biz hərbi dəstək verə bilərik. Sonda Ukrayna lideri və xalqı qərar verəcək ki, onlar necə bir sülh müqaviləsinə razılıdırlar”, - Stoltenberq qeyd edib.
O bir daha Ukraynanın ərazi bütövlüyünə güclü dəstək ifadə edib və NATO-nun heç vaxt Krımın ilhaqını, Ukraynanın digər ərazilərinin işğalını tanımayacağını əlavə edib.