Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə ərzində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 93 ərazini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən gecə raket qüvvələri Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsini, atəş vəziyyətində olan artilleriya batareyasını, həmçinin “Toçka-U” taktiki raket kompleksinin iki buraxılış qurğusunu və bir nəqliyyat-yükləyici maşınını vurub: “Artilleriya bölmələri Ukrayna ordusunun 32 komanda məntəqəsini, beş sursat anbarını, 403 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, həmçinin Ukrayna artilleriyasının 51 mövqeyi vurub. Nəticədə 600-dən çox millətçi və 61 ədəd silah və hərbi texnika məhv edilib”.
Konaşenkov bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinin üç təyyarəsini, bir Su-24 Zmeinıy dası yaxınlığında, bir Su-27 Xerson vilayətinin İnqulets yaşayış məntəqəsi yaxınlığında, bir Su-25 Dnepropetrovskın Koşovoe yaşayış məntəqəsi yaxınlığında havada vurub: “Bundan əlavə, ötən gecə ərzində biri Bayraktar -TB2 olmaqla Ukraynanın 14 pilotsuz uçuş aparatı məhv edilib”.
Rusiya MN sözçüsü Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 149 təyyarə, 112 helikopter, 726 pilotsuz uçuş aparatı, 288 zenit-raket kompleksi, 2834 tank və digər zirehli döyüş maşını, 325 reaktiv yaylım atəşi sistemi, 1306 səhra artilleriya qurğusu və minaatan, 2646 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.