• 20 May 2024
logo
Paşinyan-kilsə “müharibəsi” qızışır

Paşinyan-kilsə “müharibəsi” qızışır

Baş nazir istefa verməyəcəyini deyib

Son günlər Ermənistanın Baş naziri Nikol Paşinyan deyəsən “yumşalıb”. “Sülhpərvər” mövqedə olan və açıqlamalar verən Paşinyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb.
O, qeyd edib ki, Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib.
Onun sözlərinə görə, Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü zamanı müzakirə olunacaq. Qeyd edək ki, görüş mayın 10-da baş tutacaq.
O daha sonra vurğulayıb ki, Ermənistan Respublikasının ərazisi 29,743 kv.km-dir. İrəvanın əsas məqsədi tarixi ədalətə, milli gündəmə xidmət etmək deyil, Ermənistan vətəndaşlarının azadlığını, xoşbəxtliyini və rifahını təmin etməkdir.
“Hökumət Ermənistanın təhlükəsizliyini belə görür: beynəlxalq münasibətlərin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqi. Regional mühit Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşməsi, Türkiyə və Azərbaycanla düşmənçiliyin idarə edilməsi, azaldılması, sıfırlanması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafıdır”, - o bildirib.
Bu arada müxalifət, xüsusən də erməni kilsəsi Paşinyanı divara dirəyib. Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndindən dördünün geri qaytarılması bu sosial təbəqəyə rəsmi İrəvanın siyasəti əleyhinə etiraz aksiyası keçirmək üçün bəhanə verib.
Qeyd edək ki, Paşinyan hakimiyyətə gələn gündən onun kilsə ilə düşmənçiliyi yaranıb.
Paşinyanla katalikos II Qaregen arasında məxməri inqilab dövründən başlanan konflikt kəskinləşməkdədir. Belə ki, əvvəlki illərdə avqustun 21-də katalikosu ad günü münasibətilə təbrik edən Paşinyan sonradan anoloji addımı atmayıb. Onlar arasında soyuq münasibətlər 2018-ci ilin məxməri inqilab dövründə Qaregenin əvvəlki Serj Sarkisyan hakimiyyətini dəstəkləməsi fonunda yaransa da, Ermənistanın 44 günlük müharibədə məğlub olması münasibətlərdəki gərginliyi daha kəskin həddə çatdırıb. Belə ki, həmin məğlubiyyətə görə II Qaregen də hökuməti açıq şəkildə tənqid edib. Bu isə onu göstərir ki, Azərbaycanın müharibədə əldə etdiyi möhtəşəm qələbəsi Ermənisan cəmiyyətində, hətta əvvəllər əlaqələri möhkəm olan kilsə ilə hökumət arasında belə kəskin ziddiyyətlərin yaranmasına gətirib çıxarıb.
Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının ofisində “dövlət-vətən” mövzusunda növbəti partiya müzakirəsində partiya üzvləri emosional çıxışlar edərək dövləti niyə sevdiklərini, dövlətin onlar üçün nə olduğunu, vətən nədir və s. mövzularda fikirlər səsləndiriblər.
Yerli medianın iddiasına görə, Nikol Paşinyan bir müddət əvvəl bu məsələni komandanın gündəliyinə gətirərək, partiya üzvlərinə tapşırıq verib ki, 90-cı illərdə qəbul olunan İstiqlal Bəyannaməsindən imtina etmək lazımdır, çünki bu, “Vətəndaş müqaviləsi”nin dövlətə sahib olmaq baxışına mane olur.
Erməni nəşri yazır ki, ötən gün keçirilən iclasda daha bir mövzu da müzakirə olunub. Belə ki, hakim partiyanın üzvü Armen Xocoyan Erməni Apostol Kilsəsinin əleyhinə çıxış edərək qeyd edib ki, kilsə erməni tarixinin bəzi mərhələlərində dövlət funksiyasını öz üzərinə götürsə də, bu gün kilsənin rolu aşağı salınmalıdır və bunun əvəzində dövlət qurumlarına hörmət artırılmalıdır.
Xatırladaq ki, hakimiyyətə yaxınlığı ilə seçilən “Vardanank” hərəkatı Erməni Apostol Kilsəsinə qarşı yeni kampaniyaya başlayıb. Belə ki, hərəkat üzvləri Müqəddəs Eçmiədzin Ana Taxtınının həyətində gecə-gündüz oturaq aksiya keçirəcəklərin bildiriblər.
Erməni analitiklərin fikrincə isə Baş nazir Paşinyanın məqsədi kilsənin rolunu mümkün qədər minimala salaraq “Yeni Ermənistan” və “Yeni Kilsə” modelini yaratmaqdır.
Onu da qeyd edək ki, Nikol Paşinyan hökumət başçısı olandan sonra Eçmiədzinlə İrəvan arasında yaranan ziddiyyət daha da kəskinləşib. Hökumət başçısı artıq kilsəni maliyyələşdirməkdən imtina edib.
Kilsə saxta erməni milliyyətçiliyi əsasında ölkə əhalisini öz ətrafında birləşdirməyə səy göstərib. Ancaq 44 günlük müharibə zamanı onun çağırışları cəmiyyət tərəfindən çox da ciddi qarşılanmayıb. Elə ondan sonra da kilsənin Azərbaycana qarşı aqressiv bəyanat və açıqlamaları Ermənistan cəmiyyətinin onun ətrafında toplanmasına təkan verməyib.
Aprelin ortalarından başlayaraq, erməni kilsəsinin Ermənistanın Tavuş vilayəti yeparxiyasının yepiskopu Baqrat Qalstyanın başçılığı ilə anti-Paşinyan aksiyaları başlayıb.
Yeri gəlmişkən, Tavuş vilayəti üzrə yeparxiya 2010-cu ildə ümumerməni kilsəsinin baş katolikosu II Qaregin tərəfindən Quqark yeparxiyasından ayrılaraq yaradılıb. O vaxtdan Qalstyan bu yeparxiyaya başcılıq edir.
Qalstyanın təşkilatçılığı ilə mayın 4-dən 8-dək ölkə üzrə yürüş keçirilir. Məlumata görə, o, Ermənstanın keçmiş prezidenti Robert Koçaryanla görüşəndən sonra belə bir aksiyanın təşkilinə qərar verib.
Ümumermənistan etiraz tədbirini keçirməkdə məqsəd daha çox narazı insanı bu prosesə cəlb etməkdir. Çünki onların, yəni müxalifət sayılan kəsimin İrəvanda keçirdiyi anti-hökumət aksiyası effektli alınmayıb. Bu səbəbdən, onlar ölkə üzrə belə bir aksiyanın keçirilməsinə ehtiyac görüblər.
Paşinyan isə kilsə qabağından qaşmaq niyyətində olmadığını deyib. O, müxalifətin etirazları səbəbindən istefa verməyə hazırlaşmadığının bildirib: “İstefamla bağlı suala dəfələrlə cavab vermişəm. Mən bir neçə dəfə artıq istefa vermişəm. Baş nazirin davamlı istefa verməsi artıq ciddi deyil".
Hətta Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş prokuror Anna Vardapetyan parlamentdə bildirib ki, Ermənistan baş prokurorluğu baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciəti Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib.
“Bir sıra mülkiyyət sənədlərinin yoxlanılması və s. müraciətlər MTX-ya göndərilib. Yoxlamadan sonra cinayət işinin açılması məsələsi müzakirə olunacaq”, - o bildirib
Politoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə deyib ki, Ermənistanda kilsənin siyasi etirazları nəticə verməyəcək.

Onun fikrincə, Ermənistanda Kilsənin N. Paşinyana qarşı sərhədlərin delimitasiya və demarkasiyasından istifadə edərək etiraz aksiyalarını davam etdirməsinə baxmayaraq xalqın dəstəyini ala bilmir. Azərbaycana geri verilən dörd kəndlə bağlı bu kimi etirazlara Qərb etirazları dəstəkləmir. Amma, Rusiya və İran etirazlara dəstək verərək N. Paşinyanın devirilməsində maraqlıdır.
O, qeyd edib ki, Azərbaycana gəldikdə isə, Azərbaycan N. Paşinyanın hakimiyyətdə qalmasında problem görmür.
Revanşist keşiş Baqrat Qalstanyanın Tavuşdan başlatdığı etiraz yürüşü Yerevanda hakimiyyət əleyhinə ümumi milli mitinq elan etməsinə hesablanıb. Ermənistan müxalifəti xalqın dəstəyini ala bilmədiyindən kilsəyə dəstək verir. Kilsənin bu etirazına xalqın dəstək verməsi gözlənilmir. Çünki xalq növbəti müharibədə maraqlı deyillər:
"Bir qrup keşiş revanşistlərin ortaya çıxması N. Paşinyanın əlini gücləndirir. Hakimiyyət kilsənin etirazına ona görə ciddi müdaxilə etmir ki, xalqın kilsəyə dəstək vermədiyi ortaya çıxsın. Hesab edilirdi ki, müxalifətə dəstək verməyən xalq kilsənin siyasi etirazlarına dəstək verəcək. Amma, belə bir kütləvilik yoxdur. Bundan sonra N. Paşinyan kilsənin xalq dəstəyinə malik olmadığını nümayiş etdirərək onlara qarşı ciddi təzyiqləri artıracaq.
Mayın 9-na təyin edilən mitinq kilsə və revanşistlərin fiasko mitinqi olacaq. Qeyd edim ki, Ermənistanın katalikosu 2-ci Qaragen prosesləri idarə edir və N. Paşinyanı devirməyi hədəfləyib.
Baş verənlər Azərbaycanla delimitasiya və demarkasiya prosesinə təsir etməyəcək. Ermənistanda müəyyən nüfuza malik Kilsədə öz təsir gücünü itirəcək. Bundan sonra N. Paşinyanın islahatlarının qarşısında güc olmayacaq".
Yeri gəlmişkən, Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat verib.
Bəyanatda ərazilərinin birtərəfli qaydada Azərbaycana təhvil verilməsinə etiraz edilib, Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyinin qəbuledilməz olduğu vurğulanıb.Kilsə delimitasiyaya qarşı etiraz aksiyalarını dəstəkləyib.
Bu arada Livandakı Böyük Kilikiya Evinin katolikosu I Aram da bütün ermənilərin katolikosu II Qareginlə əlaqə saxlayaraq, Erməni Apostol Kilsəsinin bəyanatını tam dəstəklədiyini bildirib.Katolikoslar Ermənistanın üzləşdiyi problemlər, xüsusən də Tavuşdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar erməni xalqını və Ermənistanı narahat edən problemlərin aradan qaldırılmasında erməni kilsəsinin əsas rolunu vurğulayaraq görüşlərini davam etdirmək qərarına gəliblər.
Xatırladaq ki, mayın 4-də başlayan yürüşə Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik edir.
Etirazçılar mayın 9-da İrəvanın Azadlıq meydanına daxil olmağı planlaşdırırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır.
Bununla da Paşinyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiyaya qarşı yönəlmiş etiraz yürüşünə eyham vurub.
Onun fikrincə, bu hərəkatın məqsədi eks-prezident Robert Köçəryanın hakimiyyətə qayıtmasıdır.
Baş nazir bildirib ki, hələ 2021-ci ildə “Hayastan” blokunun lideri - ikinci prezident Robert Köçəryan kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.
Paşinyan hesab edir ki, əgər katolikos II Qaregin hansısa hərəkata xeyir-dua verirsə, deməli, bu, hərəkatın liderliyindən başqa bir şey deyil. Onun sözlərinə görə, katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz.
Baş nazir İrəvana doğru yürüyən etirazçılara xəbərdarlıq da edib. Paşinyan mətbuat konfransında inkar etməyib ki, etirazçılar qanunsuz hərəkət edəcəkləri təqdirdə onlara qarşı güc tətbiq oluna bilər.
Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan sərhədin Tavuş vilayəti istiqamətindən delimitasiyaya başlamaq və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəlib.
Daha sonra Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyalarına başlayıb.

Cavid