• 21 Fevral 2025
logo
“Əgər bələdiyyələrə belə səlahiyyət tanınsa süründürməçiliyə son qoyulacaq”-Qüdrət Həsənquliyev

“Əgər bələdiyyələrə belə səlahiyyət tanınsa süründürməçiliyə son qoyulacaq”-Qüdrət Həsənquliyev

“Bələdiyyələrlə bağlı biz, bu auditoriyada çox danışmışıq, onların səlahiyyətlərinin az olmasından gileylənmişik. Biz məruzəni də dinlədik. Məruzədə çatışmayan konkretlikdir. Məsələn, məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardımlar göstərilib. Neçə nəfərə yardım göstərilib, neçə şəhid ailəsinə kömək edilib, hansı məbləğdə kömək edilib? Misal üçün neçə binanın qarşısında abadlıq işləri aparılıb? Neçə kilometr yol təmir olunub? Bu barədə məlumatlar yoxdur”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili “toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əməkhaqqına gedir, nə qədəri digər işlərə sərf olunub?”,-deyə diqqətə çatdırıb: “Bu gün biz mütəmadi olaraq ayda iki dəfə seçicilərimizlə görüşürük. Sonuncu dəfə seçicilərimlə görüşəndə onlar əvəllər olduğu kimi gileylənirdilər ki, misal üçün Xətai rayonunda, şəhərin kənarında axşamlar öz evlərinə getməyə qorxurlar, küçələr küçə itləri ilə doludur. Məsələn, bələdiyyələr bu istiqamətdə hansı işləri görürlər? O itlərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı bir tədbirlər görürlərmi?
Bizə şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur, çökəklər var, abadlığa böyük ehtiyac duyulur, uşaqların oynaması üçün yer yoxdur.
Burada qeyd edildi ki, tövsiyə olunub ki, bələdiyyə müəssisələri yaradılsın. Yaxşı, bu tövsiyə nəticəsində neçə bələdiyyə müəssisəsi yaradılıb? Orada nə qədər insan işlə təmin olunub? Məruzədə bu barədə heç bir məlumat yoxdur.
Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan ümumiləşdirmə aparmalıdır. Yoxsa neçə sərəncam ləğv elədik, neçə şəxsin torpağını özünə qaytardıq kimi addımlar yetərli olmamalıdır və təkliflər verilməlidir. Biz bilirik ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev cənab Prezident tərəfindən yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə də rəhbərlik edir.
Yəni bu mərkəzin fəaliyyəti nədən ibarətdir? Biz görürük ki, məsələn, Paşa Holdinq ölkədə qanunvericiliyin vəziyyəti ilə bağlı tədbirlər keçirir. Bəs bu publik hüquqi şəxsin fəaliyyəti harda qaldı? Axı dövlət onu bu məqsədlə yaradıb”.
Millət vəkili həmçinin əlavə edib: “Mən axırıncı dəfə insanları qəbul edəndə bir neçə xanım qəbuluma gəlmişdi. Mən onları ürək ağrısı ilə dinlədim.
5 il müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Xidməti tərəfindən onlarla müqavilə bağlanıb və onlar şəhərdə abadlıq işləri görür, parklarda, küçələrdə təmizlik işləri ilə məşğul olurdular. İndi onların müqavilə müddəti başa çatıb və hamısı işdən xaric olunur. Mən DOST Xidmətinin rəhbərliyi ilə əlaqə saxladım, vəziyyəti öyrəndim. Onlar bildirdilər ki, Nazirlər Kabinetindən vəsait ayrılmır ki, müqavilələri uzadaq. Əlavə etdilər ki, onlar gedib həmin nazirliyin tərkibindəki Dövlət Məşğulluq Agentliyinə müraciət edib, iş axtarsınlar, yaxud özləri üçün başqa fərdi əmək fəaliyyəti ilə məşğul olmaq barədə düşünsünlər. Mən dedim ki, eyni nazirlikdir və bilirsiniz ki, nə qədər insanın əmək müqviləsinə xitam verilir. Soruşdim ki, neçə insandan söhbət gedir. Həmin rəqəmi açıqlamaqdan imtina etdilər. Dedim ki, siz bilirdiniz ki, bunların müqaviləsi bitir, niyə onda öncədən bu vaxt bitməmiş, elə özünüz göndərərdiniz həmin mərkəzə (eyni nazirliyin tərkibindədir) və onlar da bu işlə məşğul olardılar. Onu da qeyd elədim ki, cənab Prezident deyib ki, “biz xalqa xidmət edirik, xalqın qulluqçularıyıq”.
Niyə siz təşəbbüskarlıq göstərmirsiniz? Həmin xanımlar ayda cəmi 320 manat maaş alırdılar. Söyləyirdilər ki, kartlarına aylıq cəmi bu qədər vəsait köçüb. Bəziləri tək anadır, himayələrində uşaqlar var. Bu insanlar sadəcə çarəsiz qalıblar ki, hara üz tutsunlar, harada iş tapsınlar? Bələdiyyə müəssisələri ilə əlaqədar mən bunu söylədim ki, bu müəssisələrin yaradılması üçün hansı işlər görülməlidir? Bu gün təşəbübskar olmaq lazımdır. Mən əvvəllər də məsələ qaldırmışdım. Məsələn Lerikdə bir tövlə, Astarada mağaza tikmək, yaxud ictimai iaşə müəssisə açmaq üçün gəlib Bakıdan icazə alınmalıdır. Dünyanın bütün inkişaf etmiş, sivil ölkələrində tikintiyə icazəni bələdiyyələr verir. Əgər bələdiyyələrə belə bir səlahiyyət tanınsa, sizi əmin edirəm ki, ölkədə investisiya qoyuluşu 3-4 dəfə artacaq, süründürməçiliyə, proteksionizmə son qoyulacaq, bütün neqativ hallar aradan qaldırılacaq. Ölkədə sürətli bir inkişafa nail ola biləcəyik. Ona görə, mən hesab edirəm ki, bu istiqamətdə köklü, radikal addımlar atmaq lazımdır. Bu işdə də bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqan təşəbbüskar olmalı, təkliflər verməlidir. Hamımız görürük ki, bələdiyyələr faktiki surətdə ciddi işlərlə məşğul deyillər. Ona görə, hesab edirəm ki, müvafiq dövlət orqanları mənim bu çıxışımdan nəticə çıxaracaq, həm də həmin xanımların işlə təmin olunması üçün hansısa addımlar atılacaq”.