• 26 Aprel 2025
logo
Azərbaycanlılara "azəri" demək doğrudur?

Azərbaycanlılara "azəri" demək doğrudur?

Dr. Seymur Nəsirov,
Qahirə Universitetinin müəllimi


Bu sualın cavabı bir termin məsələsindən daha artıqdır – bu, kimliyimizin, tariximizin və özümüzə olan münasibətimizin göstəricisidir.
Bu videoda "azəri" sözünün mənşəyi, “azəri”, “azribi”, “azərbaycanlı” sözlərinin eyni məna bildirməsini izah etmək istərdik. Həm tarixi faktlara, həm də müasir yanaşmalara əsaslanaraq bildiririk ki, bu termində əslində heç bir ziddiyət yoxdur.
Əslində insanları çaşdıran təbrizli Əhməd Kəsrəvinin 1921-ci ildə "Azəri ya Zəban-Bastane Azərbaycan" adlı əsəridir. Müəllif bu əsərində azərbaycanlıların türk yox, “azəri” adlı ayrı bir millət olduqları fikrini irəli sürüb. Kəsrəviyə görə, Azərbaycan dili türk dilləri ailəsinə mənsub deyil, İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlayıblar. Kəsrəvinin bu fikrini daha çox gündəmə gətirən isə türkiyəli tarixçi İlbər Ortaylı olmuşdur. Kəsrəvinin bu səhv fikrinə qarşı alimlərimiz tərəfindən bundan öncə elmi məqalələr də yazılmışdır.
Kəsrəviyə görə, Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmayıb. Bu ölkəyə “Azərbaycan” adı Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilib. Bu əsassız iddianı tarixi qaynaqlar alt-üst etməkdədir.
Hətta Peyğəmbərin s.ə.a.s səhabələri dövründən bəri bizə “azəri”, “azribi” deyilib. Mənim apardığım tətqiqatlardan aldığım nəticə də bunları göstərir, 11 əsr (892-ci il) bundan əvvəl ibn əl- Fəqih "Əl-Buldən" kitabında yazır ki, Bərdədən Zəncana qədər Azərbaycan torpaqlarıdır. O bu torpaqlarda olan Gəncə, Beyləqan, Marağa, Nəriz, Təbriz, Urmiyə və s. şəhərlərin adlarını bir-bir çəkir (bundan başqa çoxsaylı ərəb mənbələri var ki, bütün bu ərazilər Azərbaycan kimi qeyd olunub).
Kəsrəvi isə iddia edir ki, bugünkü müstəqil Azərbaycanın əraziləri heç vaxt Azərbaycan adlanmayıb. Bu iddia tamamilə yanlışdır, dəlili, sübutu olmayan iddiadır.
Bu yalnış iddiaya görə indi insanlar tarixi irsindən imtina edir. Biz niyə öz tarixi irsimizdən imtina etməliyik? “Azəri” təxəllüsü olan çox sayda alimlər olub: Əbu Abdullah əl-Azəri, Məhəmməd bin Əhməd əl-Azəri, Əl-İmam əbu Əmr əl-Azəri və s. Bütün dünya xalqları bizə “azəri” deyiblər. Pakistanlılar, ərəblər (22 ərəb ölkəsi), türklər, farslar bizə “azəri” deyib. Biz tariximizdən, tarixi əsərlərimizdən, keçmiş görkəmli şəxsiyyətlərimizdən, irsimizdən necə imtina edə bilərik?!
Türkiyədə Azərbaycan haqqında çoxlu sayda Azəri adı altında kitab və məqalələr yazılmışdır. Hələ Azərbaycan şair və yazıçılarının Azəriyəm adında şeirləri və öz əsərlərində Azərbaycanlıları Azəri kimi qeyd etmələrini demirəm.
Əslində bu nəzəriyyə elə tam bizi sevməyənlərin işinə yarayır ki, “burda heç zaman Azərbaycan olmayıb” deyə təbliğat aparsınlar.
Açığını deyim, əvvəl bunu deməyə tərəddüd edirdim. Gördüm, yox, artıq biz tarixi irsimizdən imtina etməyə başlamışıq. Xalq yavaş-yavaş bu boyda tarixi irsi başqa xalqlara, ölkələrə sanki hədiyyə edir.
Biz bu gün əksinə, milli kimliyimiz, azərbaycançılıq məfkurəmiz üçün bütün dünya arxivlərində Azərbaycanla bağlı nə varsa, onları tapıb ortaya çıxarmalı, öz tarixi irsimizə sahib çıxmalı, Vətənimiz üçün azərbaycançılıq ideyası ətrafında birləşməliyik.
Əlbəttə, bu o demək deyil ki, biz bundan sonra özümüzə yalnız azəri deməliyik. Xeyr. Bu gün hamımız özümüzü azərbaycanlı kimi təqdim edərək, eyni zamanda bizə mənsub olan tarixi adlarımızı sevərək, ona sahib çıxmalıyıq. Vətən sadəcə bir torpaq kütləsi deyil, Vətən insanın ruhudur. Onu sevmək imandandır.
Yaxın gələcəkdə bu mövzuda bir elmi məqalə yazıb oxucalara təqdim edərik.