“Yarışdan əvvəl bu uğuru əldə edəcəyimə inanırdım”
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə deyib.
72 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın onun üçün rahat keçdiyini bildirib: "Həlledici görüşə kimi Rumıniya, İsveçrə və Türkiyədən olan rəqiblərimə qalib gəldim. Finalda isə macarıstanlı Levente Levanı məğlub edərək qızıl medala sahib çıxdım. İndi bu uğurumu Avropa çempionatında davam etdirmək istəyirəm. Sözümüzü orada da demək niyyətindəyik”.
Azərbaycanın yunan-Roma güləşi millisinin “Zaqreb Open” turnirində iki qızıl medal qazanmasına da münasibət bildirən Ü.Qənizadə əlavə edib: “Həsrət Cəfərov çox güclü idmançıdır və Olimpiadaya vəsiqə qazanıb. Bu yarışda təsadüf nəticəsində məğlub oldu. Eldəniz Əzizli zədə, Rafiq Hüseynov isə səhhətindəki problem səbəbindən turnirdə iştirak edə bilmədi. Onlar olsaydı, yarışı 3-4 qızıl medalla bitirə bilərdik. Bütün komanda yoldaşlarıma inanıram".
Qeyd edək ki, Azərbaycan güləşçiləri reytinq turnirini ümumilikdə 2 qızıl, 5 bürünc medalla başa vurublar. Yunan-Roma güləşi üzrə yığma isə 2 qızıl, 1 bürünc medalla komanda hesabında çempion olub.