• 1 Sentyabr 2026
logo
“Qəbələ”nin hücumçusu: Bəzi matçlarda bəxt bizdən üz döndərdi

“Qəbələ”nin hücumçusu: Bəzi matçlarda bəxt bizdən üz döndərdi

“Zirə”yə qarşı oyunun çətin olacağını bilirdik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

27 yaşlı hücumçu matçın gərgin alındığını bildirib: “Komandamız sonadək mübarizə apardı. Əlbəttə, meydandan qələbə ilə ayrılmaq istəyirdik. Təəssüf ki, alınmadı. Amma ruhdan düşməyəcəyik. Bundan sonra keçirəcəyimiz hər oyun bizim üçün finala bərabər olacaq”.

Matçın 14-cü dəqiqəsində “Zirə”nin qapısına uzaq məsafədən baxımlı qol vuran 25 yaşlı forvard epizodu belə şərh edib: “Rəqib qapıçının öndə olduğunu gördüm və zərbə endirdim. Həqiqətən də baxımlı qol alındı. Ancaq buna təsadüf nəticəsində vurulan top da deyərdim”.

Forvard fevralın 9-da Azərbaycan Kubokunda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri 1/4 final mərhələsinin cavab qarşılaşmasına da toxunub: “İlk görüşdə 1:1 hesablı heç-heçə etmişik. Şanların bərabər olduğunu düşünürəm. Çətin oyun olacaq, ancaq yarımfinala vəsiqə qazanmaq istəyirik”.

Komandasının bu mövsüm qeyri-sabit çıxış etməsindən də söz açan Ü.İsgəndərov bunun bəxtsizlik və diqqətsizliklə bağlı olduğunu vurğulayıb: “Yaxşı oyunlar keçirdik. Sadəcə, bəzi matçlarda bəxt bizdən üz döndərdi. Qol epizodları zamanı diqqətsiz olmağımız da öz sözünü dedi. Amma bu, futboldur və hər komandada eniş ola bilər”.