İsveç 2026-cı ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatına ev sahibliyi edən dörd ölkədən biri olacaq. Müraciət Avropa Voleybol Konfederasiyası tərəfindən qəbul edilib.
Baymedia.az İsveç Voleybol Assosiasiyasının mətbuat üçün məlumatına istinadla xəbər verir ki, çempionat çərçivəsində görüşlər Höteborqdakı “Scandinavium” arenasında keçiriləcək, burada qrup mərhələsinin 15 matçı təşkil olunacaq.
İsveç ev sahibi qismində Avropa çempionatında təsnifat raundunu keçmədən iştirak hüququ alacaq. İzabel Haakın rəhbərliyi altında göy-sarı voleybolçu qadınlar komandası 2026-cı il avqustun ikinci yarısından başlayaraq, qrup mərhələsinin 5 oyununu keçirəcək.
İsveç sonuncu dəfə bu cür tədbirə 1989-cu ildə ev sahibliyi edib. O vaxt Stokholmda və Erebruda voleybol üzrə kişilər arasında Avropa çempionatı keçirilmişdi. Çempionatda İsveç komandası “Globen” arenasında keçirilən yarımfinalda “məğlubedilməz” Sovet İttifaqı üzərində qələbədən sonra gümüş medal qazanmışdı.
Avropa 2026 çempionatının digər təşkilatçıları Türkiyə və Çexiya olacaq. Dördüncü ölkə daha sonra müəyyən olunacaq.