İranın türkmənlər yaşayan Gülüstan (Türkmənsəhra) əyalətinin Günbəd-Kavus şəhərinin məhkəməsində türkmən jurnalist və fəal Aman Məhəmməd Xocəmlinin ilk məhkəmə iclası keçirilib.
Jurnalistin vəkili Əhməd Muradpurun verdiyi məlumata görə, avqustun 24-də keçirilən məhkəmə iclasında Aman Məhəmməd Xocəmlinin barəsində “Teleqram kanalı yaratmaqla ölkənin milli təhlükəsizliyini pozmaq” ittihamı ilə qaldırılan cinayət işinə baxılıb.
O, iyunun 23-də sosial mediada yayınladığı tənqidi yazılarına görə, Künbəd-Kavus şəhərinin məhkəməsinin qərarı əsasında təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.
5-ci istintaq şöbəsi zəmanətlə sərbəst buraxılması barədə vəsatəti qəbul etmədiyi üçün Aman Məhəmməd Xocəmli həbsxanaya göndərilmişdi.
Qeyd edək ki, Aman Məhəmməd Xocəmli 9 fevral 2020-ci ildə Günbəd-Kavus şəhərinin Hallı Axun kəndində evində təhlükəsizlik məmurları tərəfindən aparılan axtarış zamanı saxlanılıb.
Aman Məhəmməd Xocamlı İranda yaşayan türkmənlərin tanınmış jurnalistidir. Onun yazıları yerli mətbuatda, saytlarda və sosial mediada türkmənlər tərəfindən rəğbətlə qarşılanır.
İrandakı hakim durumu tənqid edən yazılar yazan, özəlliklə türkmənlərin problemlərini ardıcıl olaraq işıqlandıran jurnalist bundan öncə dəfələrlə təhlükəsizlik orqanları tərəfindən hədələnsə də işini dayandırmayıb.
Bu dəfə ona qarşı “yalan məlumat yaymaq” və “ictimai rəyi təhrik etmək” ittihamları irəli sürülüb.
Onun girov qarşılığında azadlığa buraxılması barədə verilən vəsatətlər nəticəsiz qalıb. Müvvəqəti saxlama adı ilə çağrılan Xocəmli həbsxanaya göndərilib.
Ehtimala görə, İranda keçirilən prezident seçkilərində boykotçulara yaxın olması və son vaxtlar tənqidi siyasi yazılar yazması onun barəsində qəti həbs qərarının verilməsində mühüm rol oynayıb.
Gunaz.tv