• 27 Aprel 2024
logo
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

Mədəniyyət Nazirliyi paytaxtda fəaliyyət göstərən aparıcı teatrların bölgələrə qastrol səfərlərini davam etdirir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Şəki teatrsevərlərinin qonağı olub. Kollektiv martın 27-də - Beynəlxalq Teatr Günündə Şəki Dövlət Dram Teatrında tamaşaçılara Avksenti Saqarelinin “Xanuma” iki hissəli musiqili parodiyasını təqdim edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Xalq artisti Tofiq Quliyevdir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur. Rolları Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Səidə Quliyeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Məsmə Aslanqızı, Elşən Rüstəmov və digərləri ifa ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər Tiflisdə yaşayan Xanuma adlı bir aradüzəldən qadın haqqındadır. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanumanı axtarıb tapır və problemlərini həll edir. Evdə qarımış qızlar, subaylıqda qocalmış oğlanlar Xanumanın köməyinə möhtacdırlar. Hamının işinə yarıyan Xanuma həm pul qazanır, həm də şəxsi işlərini unutmayıb sonda öz sevgisinə qovuşur. “Xanuma” əsəri əslində, ağıllı və hazırcavab Qafqaz qadınına həsr edilmiş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusilə, onların qadınlarını sevə-sevə vəsf edir.