• 1 May 2024
logo
Gənclər Kitabxanasında Milli Teatr Günü

Gənclər Kitabxanasında Milli Teatr Günü

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 10 Mart - Milli Teatr Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi təqdim edib.

Baymedia.az xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə xalqımızın böyük mədəni nailiyyəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Ümummilli Lider Heydər Əliyevin teatr sənəti haqqında söylədiyi dəyərli fikirlər, Azərbaycan peşəkar milli teatr gününün qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın mətni təqdim olunur.

Virtual kitab sərgisində Azərbaycanda fəaliyyət göstərən teatrlar haqqında məlumat verilir, korifey sənətkarların və teatr tamaşalarının foto və videogörüntüləri yer alır. İcmalda “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Teatr, zaman və məkan”, “Azərbaycan teatrının estetik prinsipləri”, “Ərəblinski teatrı”, “Dahiliyin sehri”, “Azərbaycan teatr antologiyası”, “Azərbaycan teatr tarixi” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilir.

Gənclər Kitabxanasında "Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər, kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal sərgilənir.

Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.