• 1 May 2024
logo
Sumqayıt Teatrı 55 illiyini qeyd edib

Sumqayıt Teatrı 55 illiyini qeyd edib

Sumqayıt Dövlət Dram Teatrı martın 14-də 55 illik yubileyini qeyd edib.

Baymedia.az xəbər verir ki, teatrın yubileyi həm də Sumqayıt şəhərinin 75 illiyinə təsadüf etdiyindən truppa yubiley çıxışında "Sevgilim Sumqayıt" psixoloji dramını oynayıb.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa özündə sevgini, xəyanəti, insanın daxili mübarizəsini, valideyn-övlad münasbətlərini ehtiva edir. Xəyanətə uğramış yeni ailə quran qızın gənc şəhər Sumqayıta pənah gətirməsi, zəhməti ilə ad-san qazanması, tək oğlunu böyütməsi, sonda şəhid anası kimi müqəddəs bir zirvəyə ucalması əsərin əsas süjet xəttidir.

Sonda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov teatrın 55 illik yubileyi münasibəti ilə kollektivi təbrik edib, Ümummilli Lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.

Sonda Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi ilə əlaqədar teatrın aktyorları Habil Xanlarov, Rövşən Əsgərov, Siyavuş Mahmudov, Ceyhun Məhərrəmov və Yalçın Səlimov icra hakimiyyətinin fəxri fərmanı ilə təltif ediliblər. Habelə şəhərin ictimai, sosial mədəni həyatına töhfə vermiş Əvəz Mahmud, Sovet Şükürov, Təbrik Quliyevə və şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub.