• 6 Avqust 2025
logo
Suraxanıda həyat yoldaşını qətlə yetirən şəxsin növbəti məhkəməsi olub

Suraxanıda həyat yoldaşını qətlə yetirən şəxsin növbəti məhkəməsi olub

Suraxanıda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Evə gələrək onunla Suraxanı rayonundakı parka gedib. Evdən götürdüyü mətbəx bıçağı ilə ona zərbələr endirib. Sevinc Məhərrəmova qaçmaq istəyib. Lakin təqsirləndirilən şəxs onun arxasınca qaçaraq onu tutaraq zərbələr endirməyə davam edib. Ümumilikdə 9 dəfə zərbə vuraraq qətlə yetirib.

Sonra zərərçəkmiş şəxsin hüquqi varisi şahid qismində ifadə verib.

Şahid bildirib ki, təqsirləndirilən şəxs mərhum bacısına şiddət göstərib, əzab verib, təhqir edib, yaxınları ilə əlaqə qurmasına icazə verməyib. Onu öldürməsinə də xəyanəti bəhanə gətirib. Səbəb kimi də övladının atasının başqa şəxs olduğunu deyib. Lakin DNT analizinin cavabına görə, uşağın atası Natiq Məhərrəmovdur.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib.

O qeyd edib ki, hadisəyə səbəb mərhum Sevinc Məhərrəmovanın ona xəyanət etməsi olub.

Müttəhim özünü təqsirli bilib.

Proses 1 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, hadisə aprel ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlı Sevinc Məhərrəmova amansızcasına qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 35 yaşlı Natiq Məhərrəmov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.

Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2- ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.