• 27 Dekabr 2024
logo
SÖZün Nəsimi dühasına işıq tutan alim

SÖZün Nəsimi dühasına işıq tutan alim

Züleyxa Nadir
Uşaqlıqdan ziyalı və əsilzadə, savadlı və dünyagörüşü zəngin olan insanlarla söhbət etməyə meylli olmuşam. Onlarla yaxından təmas qurmaq, öyrənmək, bilmədiklərimi əldə etmək arzum heç vaxt məni tərk etməyib. Xüsusilə də elm adamlarını, alimləri nağıl qəhrəmanlarına bənzətmişəm, onları sevmişəm, pərəstiş etmişəm. Nağıl dünyamdakı o insanlar işıqlı və nurlu olublar. Mən də hər zaman həmin işıqda xəyallara dalıb uşaqlıq arzularımın qanadında uçmuşam.
Sonralar həyat yollarında gerçək dünyanın bu cür işıqlı qəhrəmanları ilə üz-üzə gəldim. Uşaqlıqda görmək istədiyim, öyrənməyə can atdığım insanları tanıdım, ünsiyyət qurdum, həmsöhbət oldum. Hər dəfə yeni gördüyüm, yaxından tanış olduğum şəxsiyyətin işıqlı dünyasına daxil olarkən, sanki, nəsə kəşf etdim və özümü dünyanın ən bəxtəvər insanlarının sırasına qoydum...
*
Bir neçə gün əvvəl arzularımın daha bir işıqlı qəhrəmanı ilə tanış oldum. Bu, filologiya üzrə fəlsəfə doktoru, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Səadət xanım Şıxıyeva idi. Nə xoş ki, Tanrı bu yaşantını mənə nəsib etdi! Onunla bir neçə saat həmsöhbət oldum və bu sevimli xanımı dinlədikcə intellektinə heyran qaldım. Səadət xanım Azərbaycanda Nəsimini ardıcıl öyrənən yeganə alimdi. 30 illik elmi tədqiqatlarını sırf İmadəddin Nəsimiyə həsr edib. Üç on ildi bu klassik şairi tədqiq edir, SÖZün Nəsimi dühasına işıq tutur.
-Uşaqlıqda yazıçı olmaq istəmişəm, - deyir Səadət xanım, - amma səkkizinci sinifdə oxuyanda fikrim dəyişdi. Həmin vaxt povest yazmağa hazırlaşırdım. Həmid Araslının orta məktəb dərsliyi olan "Ədəbiyyat" kitabını oxuyandan sonra tədqiqatçı olmaq fikrinə düşdüm. Klassiklərə üz tutdum. Nəsimi məni özünə daha çox çəkdi. Onu oxuduqca aurasına düşdüm. Nəsimi yaradıcılığı möcüzəli bir dünyadı. Mənə elə gəlir ki, onunla ruh ekiziyəm. O, çılğındı, səbirsizdi, sərtdi, bəzən də çox yumşaqdı. Mən də eləyəm. Bu, şir bürcü altında doğulmağımdan irəli gələn xarakterlərdi. Bəlkə Nəsimi də eyni bürcdəndi. Mən onu müasirimiz kimi görürəm, keçmişdə qalan insan deyil. Hürufi şairinin altı əsrlik bir yol gəldiyini hiss etmirəm.
Alim haqqında yazı yazmaq çətindi. Onunla söhbət etmək nə qədər xoş olsa da, bir o qədər məsuliyyət tələb edir. Əslində Səadət xanımla söhbətimin mövzusunun Nəsimi olmayacağını görüşməmişdən əvvəl qərara almışdım. Bunu özünə də dedim. Nəsimi ilə bağlı müsahibələrini, bəzi yazılarını oxumuşdum. Eləcə də Azərbaycan oxucusunun çoxu, xüsusilə də elm ictimaiyyəti Nəsimi haqqında Səadət xanımın məqalələrinə, əsərlərinə yaxından bələddir. O, iki elmi əsərin, 200-dən çox məqalənin müəllifidi. Bu gün iki kitabı çapa hazırlanır, irihəcmli monoqrafiya üzərində tamamlama işləri aparır. Bundan başqa institutun "Elmi araşdırmalar" jurnalının elmi redaktoru, "Turkish Studies" adlı beynəlxalq indeksli elmi elektron jurnalın Mərkəzi Asiya üzrə koordinatoru, "E-Journal of New WorldSciencesAcademy" (NWSA) elektron elmi jurnalında redaksiya heyətinin üzvü, "Akademik Tarih ve Düşünce Dergisi" elektron elmi jurnalının Azərbaycan üzrə rubrika redaktoru, rəyçisi (hakem), redaksiya heyətinin üzvüdür. Ona görə də alim xanımla bir qədər başqa mövzuda söhbət etməyi planlaşdırmışdım.
Amma bu, mümkünmü? Ömrünün 30 ilini İmadəddin Nəsimiyə həsr edən, necə deyərlər, gecə-gündüz İmadəddin Nəsimi ilə nəfəs alan, "Nəsimi ilə yatan, Nəsimi ilə duran" bir alim bu dünyaya Nəsimi gözü ilə baxmazmı? Baxar! Nədən danışırsa danışsın, kimdən söz açırsa açsın dönüb-dolaşıb Nəsimiyə xitab etməzmi? Edər! O, danışırdı, mən qulaq asırdım. Arada sual vermək istəyirdim, amma o qədər gözəl danışırdı ki, sözünü kəsməyə qıymırdım. Hətta qarşımdakı dəftərçəmə qeydlər etməyə də qorxurdum ki, birdən söylədiyi fikir havada qalar, tuta bilmərəm. Yaddaşıma hopdurmağa çalışırdım. Buna nə dərəcədə nail ola bilmişəm... yazının davamında biləcəm (kaş ki, burada bir təbəssüm işarəsi qoymaq mümkün olaydı).
*
Dünyanın düzənini alim qadınlar sahmana salırlar. Bu, gəlişigözəl söz deyil, həqiqətən belədir. Yüz illərdi, min illərdi dünya alim qadınların elm nurunda təmizlənir, arınır, durulur. Qadınlıq elə bir duyğudur ki, o, dünyanın bütün yaxşılıqlarını özündə cəmləyə bilir. Pislikləri isə əlinin tərsi ilə itələyib yerinə gözəllik qoyur. Qadın cəmiyyətdə və ailədə özünü təsdiq edib, istədiyini, hardan gedib, hardan gəldiyini biləndə yaxşı insan, ali məqsədi olan və onun uğrunda döyüşəndə isə şəxsiyyət olur. Yaxşı insan və şəxsiyyət olaraq qadın böyük dəyərlərin daşıyıcısıdı. Qadın bu dünyanın sakitliyinə, əmin-amanlığına və sabitliyinə cavabdeh birisidir. Qadın yaradıcı olanda, alimlik missiyasını çiyinlərinə götürəndə isə BÖYÜK olur. Səadət xanım BÖYÜK alimdir. Çünki ömrünü BÖYÜK Nəsimiyə, qüdrətli SÖZ ustasının yaradıcılığına, onun zəngin mədəni-mənəvi sərvətinin üzə çıxarılmasına, dərin poetik fikirlərinin, fəlsəfi görüşlərinin və elmi-fəlsəfi düşüncələrinin araşdırılmasına həsr edib.
Taleyini hürufi şairinin yaradıcılığına bağlayan Səadət xanım illərdi Nəsiminin "əlindən tutaraq" elmin yollarında addımlayır. Bəzən yorulub, bəzən də küsüb, inciyib, amma Nəsimi eşqi, Nəsimi sevgisi onu bu neqativ duyğulardan xilas edib. Özünü elm dəryasına atıb. Elm isə elə bir dəryadır ki, ora düşən adam kamil üzgüçü olmalıdı, əks halda dibi görünməyən sularda boğulmağa məhkum olacaq. Səadət xanım kamil üzgüçü olduğu üçün heç bir zaman batmayıb. Az-çox elmin nə olduğunu bilən adam gərək bu yükün altına məcburi olaraq girməsin. Elm yükü elə bir çəkidə olur ki, onu ancaq fədakarlar daşıya bilərlər. Səadət xanım məhz elmin fədaisidi, İmadəddin Nəsiminin fədakarıdı. Elm təkcə bilik tələb etmir. Əgər sənin səbrin, enerjin, tükənməz potensialın varsa, buyur gəl, yoxdursa nahaq əziyyət çəkib özünü yorma. Elm sənin gözünün işığını istəyir, verəcəksənsə gəl. Elm sənin düz qamətini masa arxasında oturmaqdan əyəcək, razısansa gəl. Ürəyin ağrıyacaq, dözəcəksənsə gəl. Elm səni bəlkə əlində qələm yazı masası başında öldürəcək, qorxmursansa gəl.
Səadət xanım sadaladığım bu sınaqlardan uğurla keçib. Ötən 30 il onu Nəsimi dünyasına qırılmaz tellərlə bağlayıb. Bu zərif, incə duyğulu xanım 650 il əvvəl dünyaya gəlmiş İmadəddin Nəsiminin qəlbləri titrədən, vicdanları oyadan şeirlərinin xiridarına çevrilib. Səadət xanım elmi yaradıcılığında insanların diqqətini bədii SÖZün ülviliyinə yönləndirmək üçün Nəsimi poeziyasının, Nəsimi lirikasının gözəlliyinə və Nəsimi şəxsiyyətinin bütövlüyünə söykənib.
Bu gözəl fikirli, incə duyğulu, işıqlı xanımdan başqa nə gözləmək olar ki?! Onunla söhbət edərkən anladım ki, Səadət xanım heç bir zaman neqativ hisslərə köklənmir, nikbindi, ritmik musiqidən həzz alır, həyatı sevir. Savadı, enerjisi, potensialı, bilik və bacarığı ilə yanaşı zəhməti ilə qazandığı elmi titulu onun alimlik şərəfinin tacıdı. Alimlik təkcə insanın elmi savadı, geniş biliyi ilə ölçülmür. Həyat universitetində oxuyarkən onun çətinliklərinə sinə gərmək, fədakar və xeyirxah olmaq, vətəni, milləti sevmək isə bir başqa alimlikdi. Və həyatdan aldığın həmin alimlik dərəcəsi elmlə birləşəndə xüsusi ahəng yaradır. Səadət xanımın taleyini bəzəyən bu ahəng Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması üçün çox böyük vasitədi.
*
Səadət xanımla söhbət edərkən adama elə gəlir ki, onun üçün dünyada ən sevimli, ən maraqlı mövzu Nəsimidir. Gərək onu bu mövzudan məharətlə ayırmağı bacarasan. İnsanların sözünü kəsməyin ustası deyiləm, bu məsələdə məharətim yoxdu. Dinləməyi daha çox sevsəm də arada alim xanıma bəzi pərakəndə suallar verdim. Məsələn:
-Alim qadınla biznesmen qadının oxşar tərəfi varmı? - deyə soruşanda qəşəng çöhrəsində təbəssüm yarandı.
-Elmin elə sahəsi var ki, onunla məşğul olanlar üçün biznesin heç bir çətinliyi yoxdu. Mənə elə gəlir ki, riyaziyyatçılar üçün bu, adi bir iş sayıla bilər. Onlar rəqəmlərlə işlədiklərinə görə biznes qurmağı da bacarırlar. Mən bacarmaram. Biznes xüsusi istedad tələb edən bir sahədi. Mənim biznesim SÖZümün Nəsimi dühası ətrafında dolaşmasıdı.

-Bəs, yüksək çinli məmur olmağı necə, bacararsınızmı?

-Hansısa bir dövlət işində məmur kimi çalışmaq tədqiqatçı alimin şəxsiyyətini məhv edər. Amma elmi karyeramda yüksəlmək istəyərəm.

-Siz kimsiniz?

-Səmimi bir insan. İstər şəxsi, istər elmə münasibətdə, istərsə də nəsimişünaslıqda səmimiliyə üstünlük verirəm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, fədakaram, üstəlik də zəhmətkeşəm.

-Sizi ruhdan salan nədi? Hansı halda dözümsüz olursunuz?

-Bəzən əməyimin dəyərini ala bilməmək əhvalıma pis təsir edir. Elmə daraşan psevdoalimlərin meydan sulamasına dözə bilmirəm. Onlar elmdə islahatların aparılmasına mane olanlardı, büdcəyə ziyan vururlar. Belə hallarda sərt oluram, dözümsüzlk nümayiş etdirirəm. Plagiatlarla mübarizə aparmaq çox çətindi. Yersiz münaqişələr məni yorur. Elələri var ki, uğurlarım onlarda qıcıq yaradır. Elmdə xəyanət və ikiüzlülük görəndə, yalançılarla və özündənrazılarla üz-üzə gələndə dözə bilmirəm. Nəsimi də yalanı və yersiz qürrələnməyi sevməyib, bu halların şeytani hiss olduğunu deyib.

-Azərbaycan elminin dünəni ilə bu günü arasında fərq varmı?

- Sovet övründə düşüncə və güc sahibləri elmin inkişaf etməsi üçün var güclərini sərf edirdilər. Bu gün həmin tendensiya demək olar ki, çox azdı. Elmdə ciddi islahatlar aparılmalıdı. Alim ölkənin simasıdı, maddi cəhətdən tam təmin olunmalıdı, onun fikri-zikri elmdə olmalıdı. Amma bu gün alimin dəyəri aşağı səviyyədədi. Belə getsə torpaqlarımız kimi, mənəvi sərvətlərimiz də işğal olunacaq, elmimiz əldən gedəcək.
-Azərbaycandan kənarda işləmək fikriniz olubmu?
-2000-ci ildə İranda ixtisasartırma kursunda olarkən bu ölkədə qalıb işləməyimi təklif etilər. Qardaş Türkiyədən də dəvətlərim olub. Amma heç birini qəbul etməmişəm. Azərbaycan mənim yuvamdı, evimdi, onu boş qoya bilmərəm. Kənardan baxanda Azərbaycan, Bakı başqa görünür, buralara təşnə olursan.

-Ailənizdə elmlə məşğul olan tək alim sizsinizmi?

-Üc bacı, bir qardaşıq. İkinci bacım tarixçi, qardaşım kimyaçıdı. Hər ikisi elmi dərəcə daşıyır. Üçüncü bacımın isə alimlik elmi dərəcəsi olmasa da, işinin alimidi, tərcüməcilklə məşğul olur.
*
İş elə gətirmişdi ki, Səadət xanımın doğum günündən bir gün əvvəl görşmüşdük. Yazını onun bu özəl gününə hədiyyə olaraq hazırlayacaqdım. Amma olmadı, bəzən həyat adamı elə sürprizlə qarşılaşdırır ki, qalırsan mat-məəttəl. Mən də xoşagəlməz sürprizin "qurbanı" olduğum üçün yazını gecikdirməli oldum.
Qismət bu günə imiş...