Qarabağda 30 ilə yaxın işğal müddətində ermənilərin müsəlman dini abidələrinə, eləcə də digər dini abidələrə qarşı etdikləri vəhşiliklərlə bağlı təkzibedilməz dəlillərimiz var.
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.
O qeyd edib ki, Azərbaycanda bütün xristian abidələri qorunub saxlanıldığı bir vaxtda, ermənilər bizim məscidləri, ziyarətgahlarımızı, hətta Alban kilsələrini ya vəhşicəsinə dağıdıb ya da onları təhqir ediblər:
"Torpaqlar işğaldan azad olunduqdan sonra ermənilərin həmin ərazilərdə törətdikləri bütün vandalizmlərin canlı şahidi oluruq. Azərbaycan isə bunun tam əksini edir. Azərbaycan multikultural, tolerant bir dövlətdir. Ötən gün Ağdama baş tutan səfər də bunun əyani sübutudur. Müsəlman din xadimləri ilə yanaşı xristian, yəhudi dininə aid olan konfessiya nümayəndələri də azad olunmuş əraziləri ziyarət edir, məscidlərə və şəhidlər xiyabanına baş çəkirlər”.