• 26 Dekabr 2024
logo
Elm və innovasiya fondlarının statusu dəyişir

Elm və innovasiya fondlarının statusu dəyişir

Elm və innovasiya fondları qeyri-kommersiya statusundan çıxarılır.

APA-nın məlumatına görə, bu, “Elm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd olunub ki, dəyişiklik elm sahəsində yaradılan elm və innovasiya fondlarının statusu ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır.

Mülki Məcəlləyə əsasən, qeyri-kommersiya təşkilatı fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən hüquqi şəxsdir. Mövcud qanunda bu məhdudiyyətin aradan qaldırılması elmin inkişafı məqsədilə elm və innovasiya fondlarının yaradılmasını, habelə onların qanunvericiliklə nəzərdə tutulan digər hüquqi şəxslər formasında yaradılmasını və fəaliyyətini təşviq edəcək.