İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət qeyd alınıb.
Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2019-cu illə müqayisədə sözügedən hüquqa zidd əməllərin sayı 14 fakt və ya 7,5 faiz artması əvvəli illərdə törədilmiş latent xarakter daşıyan cinayətlərin daha çox aşkarlanması ilə əlaqədar olub.
Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb, onları törətmiş 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində hazırda lazımi tədbirlər görülür.
İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-i azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası təxirə salınıb.