“Bir neçə ay əvvəl telefon danışığı aparmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət etdim, lakin o, bu təklifimə cavab vermədi”.
APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mətbuat konfransında deyib.
“Ukrayna Prezidenti Vladimir Zelenski də rusiyalı həmkarı ilə danışıq aparmaq üçün müraciət etdi, lakin Kreml buna da cavab vermədi. Düşünürəm ki, bütün bunlar Ukrayna və Rusiyanın münaqişənin həll yolunu niyə müzakirə edə bilməməsinə cavabdır. Ukrayna həll yolunu müzakirə etməyə istəklidir. Danışıqlar üçün formatlar mövcuddur. Əgər Rusiya bu istəyə qarşılıqlı şəkildə və xoş niyyətlə cavab versəydi, əminəm ki, biz həll yoluna nail olardıq. Lakin təəssüf ki, biz bunu görmürük”, - deyə Ukrayna XİN başçısı qeyd edib.
“Şimal axını-2” ilə bağlı suala cavab verən D. Kuleba qeyd edib ki, adıçəkilən layihə enerji təhlükəsizliyinə ciddi təhdiddir: ““Şimal axını-2” enerji resurslarının şaxələndirilməsinə xidmət etmir. “Şimal axını-2” həm Ukraynanın, həm də Avropanın təhlükəsizliyinə təhdiddir”.
D. Kuleba vurğulayıb ki, bu layihə əvvəllər kommersiya xarakterli olsa da, indi Rusiya bu layihəni təzyiq vasitəsi kimi istifadə edir: “Bu enerji təhlükəsizliyi layihəsi deyil, sərt təhlükəsizlik layihəsidir”.