• 27 Dekabr 2024
logo
Palçıq Vulkanları Turizm Kompleksində həyata keçiriləcək fəaliyyətlər açıqlanıb

Palçıq Vulkanları Turizm Kompleksində həyata keçiriləcək fəaliyyətlər açıqlanıb

Palçıq Vulkanları Turizm Kompleksinin əsas məqsədi təbii sərvətimiz olan palçıq vulkanlarının turizm imkanlarını və təbliğatını həyata keçirməkdən ibarətdir.

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyi tərəfindən “Qılınc” palçıq vulkanlarında yaradılacaq turizm kompleksinə həsr olunan brifinqdə Qoruqları İdarəetmə Mərkəzinin direktoru Azadə Hüseynova bildirib.

Onun sözlərinə görə, kompleksin ərazisində müxtəlif turizm fəaliyyətləri nəzərdə tutulub. Bunlardan kvadrosikl ilə gəzinti, ərazidə düşərgələrin salınması, piyada yürüş yollarının salınması və ətrafdakı digər palçıq vulkanlarına turların təşkil olunması nəzərdə tutulur. Bundan əlavə, ictimai iaşə obyektləri, turistlərin gəlib palçığı hiss edib təcrübə keçə biləcəyi təcrübə mərkəzləri də fəaliyyət göstərəcək.

O qeyd edib ki, turizm kompleksinin tez zamanda istifadəyə verilməsi nəzərdə tutulur:

"Rəsmi prosedurlar başa çatandan sonra yaxın zamanlarda kompleksin hazırlanması işlərinə başlanacaq".

A. Hüseynova bildirib ki, Palçıq Vulkanları Turizm Kompleksinin hazırlanması üçün bu yerin seçilməsi üçün bir neçə səbəb var: "Bunlardan biri Qobustan qoruğuna yaxın olmağıdır. Qobustan qoruğu turistlər tərəfindın ən çox ziyarət olunan məkanlar içərisindədir. Bundan başqa, ərazinin antropogen təsirlərə az məruz qalmağıdır. Yəni insanlar burada təbiətlə birbaşa təmasa girə bilirlər, tikililər, əlavə infrastruktur yoxdur, təbiət mənzərəsi var. Bundan başqa, Ginnesin Rekordlar Kitabına da düşən Azərbaycanın ən böyük Torağayı vulkanı da həmin ərazidə yerləşir. Yəni bu ərazidən gözəl görüntü açılır. Bu kompleks yaxşı, işlək vəziyyətdə olsa, turistlər tərəfindən maraqla qarşılansa ki, gələcəkdə bu cür komplekslər başqa yerlərdə də yaradıla bilər".