• 4 İyul 2025
logo
Xətai rayonunda şəhidlərin xatirə löhvələrinin açılış mərasimi keçirilib

Xətai rayonunda şəhidlərin xatirə löhvələrinin açılış mərasimi keçirilib

Bu gün Xətai rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Kərimovun və Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun xatirə löhvələrinin açılış mərasimi keçirilib.

Mərasimdən öncə şəhid polkovnik-leytenant Babək Ramaldanovu doğum günü münasibətilə ikinci Fəxri Xiyabanda məzarı ziyarət olunub. Daha sonra isə Kazımağa Kərimovun adını daşıyan küçədə şəhid jurnalistin və Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun xatirə löhvələrinin açılışı olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Silahlı Qüvvələrini polkovnik Abdulla Qurbani hər iki qəhrəmanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, onların döyüş yolunun gələcək nəsilləri üçün nümunə olacağını bildirib. Abdulla Qurbani müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov öz çıxışında şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını və qururla anılacağını bildirib.

Şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda edən oğlu ilə qürür duyduğunu deyib.

Mərasimdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyəti aparatının şöbə müdüri Pənah İmanov və başqaları Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.

Qeyd edik ki, anım və xatirə löhvələrinin açılışı mərasimlərində Azərbaycan Müdafiə Naziriliyinin nümayəndələri, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Xətai rayonu MKTB-nin rəis müavini İntiqam Cümşüdov, Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, eləcə də digər idarə, müəssisə, təşkilat və ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

BayMedia