• 15 Yanvar 2025
logo
Professora qarşı 2 milyon manat dələduzluq edən şəxslərin məhkəməsi başladı

Professora qarşı 2 milyon manat dələduzluq edən şəxslərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə eyni iş üzrə təqsirləndirilən və məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilmiş Səadət Xəlilovun həyat yoldaşı Aidə Xəlilova ifadə verib.

O bildirib ki, həyat yoldaşının hansı işlərlə məşğul olduğundan xəbəri olmayıb:
"Səadətlə mən bu işlərlə barəsində danışmamışıq. Sadəcə, bilirdim ki, bizneslə məşğuldur. Qazaxıstandan mərmər və qranit gətizdirib burada satırdı. Lakin sonradan işləri pis oldu, faizi verə bilmədi. Bir müddət sonra da həbs edildi".

Şahid deyib ki, o, 2015-ci ildə "Sky" oteli kredit alaraq tikdirib: "Ərimin biznesi ilə mənim biznesim ayrı olub. Mən oteli tikəndə 5 milyon kredit almışam. 2016-cı ilə qədər bütün işlər bitmişdi. 2017-ci il rəsmi açılış olub. 2016-cı ildə bütün işlər tamamlanmışdı, sadəcə, lisenziya alınması məsələsi qalmışdı. 2017-ci ilin əvvəlində lisenziya alındı və açılış oldu".

Hakim şahidinin istintaqa verdiyi ifadəni elan edilib. Aidə Xəlilova istintaqa verdiyi ifadəsində pulu ərinin Soltan Əliyevdən aldığını deyib. Lakin şahid oradakı ifadəsini təsdiqləməyib.

Proses aprelin 29-da davam edəcək.

Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. S. Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov tək mühakimə olunub.

S. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittihamolunaraq 9 il azadlıqdan məhrum olunub.