• 8 Sentyabr 2024
logo
Azərbaycan mətbuatı yeni inkişaf dövrünü yaşayır

Azərbaycan mətbuatı yeni inkişaf dövrünü yaşayır

2020-ci ildə tarixi Zəfərimiz, bundan üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu. Yeni dövr yeni hədəfləri ilə xarakterizə olunur. Hər bir sahə kimi, mətbuat da bu yeniliklərdən, təkmilləşmədən kənarda qalmır. Cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirən mətbuat hər dövrün reallıqlarının cəmiyyətə dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazıldı. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Azərbaycan mətbuatı 149 yaşını qeyd edir. Bu rəqəm özündə mətbuat tariximizin ayrı-ayrı mərhələlərinin reallıqlarını əks etdirir. 149 ilin işığında qarşıdakı dövrün hədəflərini müəyyənləşdirmək qürurvericidir. Tarixi paralellər əsasında müqayisəli təhlil apardıqda hər bir dövrün mövcud ictimai-siyasi hadisələrinin mətbuatın qarşısında mühüm vəzifələr qoyduğunu görürük. Bu baxımdan müstəqillik tariximiz xüsusi qeyd edilməlidir. Belə ki, 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan olduqca ağır bir mərhələ yaşadı. Həmin dövrdə hakimiyyətsizliyin hökm sürməsi, anarxiya ölkəni faciələrlə üz-üzə qoydu. Digər sahələr kimi, mətbuatımız da ağır dövrünü yaşadı. Mətbuat azadlığından danişmaq belə mümkün deyildi. Azərbaycan həmin ağır dövrü yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra arxada qoydu. Ulu Öndərin bu qayıdışı mətbuatımızın da qarşısında geniş imkanlar açdı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Azərbaycan mətbuatı özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb. Həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndiririk.

Qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən sonra başlanan yeni dövr islahatları, təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan mətbuat ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Dövlətimizin başçısı İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradıldı. Qurum yarandığı gündən müstəqil medianın inkişafına xidmət edən layihələri, jurnalist peşəkarlığının artırılmasına yönələn addımları ilə diqqətdədir. Həmçinin mətbuatın müasir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirilməsinə yönələn addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbul edilməsini qeyd edə bilərik. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Əminliklə söyləyə bilərik ki, bu gün qalib, bütövləşən Azərbaycanın mətbuatı özünün sürətli inkişaf dövrünü yaşayır.

Səlim Rəhimzadə,
"Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi