• 12 İyul 2025
logo
“Öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı?...” - “Sülhə nail olmaq Rusiyanın regiondan çıxarılması demək deyil”

“Öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı?...” - “Sülhə nail olmaq Rusiyanın regiondan çıxarılması demək deyil”

Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Mətbuat xidmətinə müsahibəsində Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya rəhbərlərinin Ağdama səfəri, Azərbaycan və Ermənistanın dövlət başçılarının Abu-Dabidə keçirdiyi görüş və regional təhlükəsizliklə bağlı məsələlərə münasibət bildirib.

Baymedia.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, siyasi partiya sədrlərinin Prezident Administrasiyası tərəfindən Ağdama təşkil olunan səfəri barədə təəssüratlarınızı bilmək istərdik.

- Bu, Ağdam işğaldan azad olunandan sonra şəhərə ikinci, ümumilikdə isə bərpa olunan ərazilərə səkkizinci səfərim idi. Səfər ilk dəfə idi ki, “Stadler” qatarı ilə təşkil olunmuşdu və biz Ağdamın yeni tikilmiş müasir dəmiryol vağzalına qədər getdik. Mən Azərbaycan Dəmir Yollarının əməkdaşlarına, yüksək səviyyədə təşkil olunmuş səfərə görə Prezidentin köməkçisi Ədalət Vəliyevə, şöbənin əməkdaşlarına, Prezidentin səlahiyyətli nümayəndəsi Emin Hüseynova təşəkkür etmək istəyirəm.

Bəzi yollarda sürət həddi çox aşağı olsa da, yüksək xidmət və rahatlıq məni çox məmnun etdi. Vətəndaşlarımızın bu cür yüksək standartlara cavab verən qatarlardan istifadə etməsi sevindirici haldır. Ağdam erməni faşistləri tərəfindən yerlə-yeksan edilib, bu şəhərdə qədim çinar ağacları belə yandırılıb. İndi isə şəhər sürətlə yenidən tikilir, istehsal müəssisələri açılır. Bizə verilən məlumata görə, Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq. Şəhərdə hər şey müasir tələblərə və yüksək standartlara uyğun qurulur. Tezliklə ilk sakinlər Ağdama köçəcək. Görülən işləri müşahidə etmək çox qürurverici idi.

- Əbu-Dabidə keçirilən görüş barədə də fikirlərinizi bilmək maraqlı olardı.

- Bu tipli münaqişələrin həllinə dair beynəlxalq təcrübə göstərir ki, bir qayda olaraq güclü vasitəçilər olmayanda müharibələrdən sonra sürətli həllə nail olmaq, sülh müqaviləsi imzalamaq mümkün olmur.

- Siz vasitəçi kimi hansı ölkəni görürsünüz?

- Mən əvvəllər də söyləmişəm ki, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə davamlı sülhə nail olmaq olar.

- Rusiya özünün vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasını istəyir. Türkiyənin də prosesə qoşulmasını istəyərmi?

- Öncə Rusiyanı inandırmalıyıq ki, sülh Rusiyanın da maraqlarına cavab verir. Bölgədə sülhə nail olmaq Rusiyanın regiondan çıxarılması demək deyil. Rusiyanı ona da inandırmalıyıq ki, Türkiyənin sülh prosesində iştirakı vacibdir. Bu, “3+3” formatında regional əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın yaranmasına böyük töhfə verə bilər.

- Türkiyənin Azərbaycanda hərbi baza yaratması da ən çox müzakirə olunan məsələlərdəndir. Sizin fikrinizi də bilmək maraqlı olardı.

- Düşünmürəm ki, hal-hazırda buna ehtiyac var. Biz Türkiyə ilə qonşuyuq, ehtiyac olsa, Türkiyə çox asanlıqla Azərbaycana yardım edə bilər. Amma belə təşəbbüslərlə çıxış etməmişdən öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı? Bu, tək bizdən asılı olan məsələ deyil. Rusiyanın etirazı Türkiyə - Rusiya münasibətlərinə ciddi ziyan vura bilər. Türkiyə buna hazırdırmı? Biz indi Türkiyə ilə daha çox iqtisadi baxımdan inteqrasiya olunmalı, malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi ümumi bazar yaratmağa çalışmalıyıq. Azərbaycan regionun inkişafı və təhlükəsizliyi üçün “3+3” formatında əməkdaşlığa və inteqrasiyaya ciddi stimul verməlidir.